Raqif Raufoğlu: “Hər yerdə qapılar bağlıdırsa, necə qabağa getmək olar?!”
Hər gün minlərlə insan evdən işə-işdən evə yolboyu onun səsini dinləyir. Səhərlər “İş adamı”nda maraqlı məsləhətləri, axşamlar “Masterclass” verlişində avtomobillər haqqında bilgiləri ilə dinləyicisini daim maarifləndirir. Beləliklə, AYNA-nın həmsöhbəti radioaparıcı, yazar Raqif Raufoğludur.
- Aparıcının ruhu yazar ruhundan fərqli olur. Siz isə hər ikisini özünüzdə birləşdirmisiniz. Onlar bir-birilərinə mane olmur?
- Efirdə aparıcı, yazı masasında yazaram. Əsas olan budur ki, bunları qarışdırmayaq. Xüsusən də “Masterclass” verlişində. Amma bir yandan da hər ikisi yaradıcılıq tələb edir. Hər halda bu neçə ildə ciddi maneə yaratmayıb. Ola bilər ki, efirlər olmasaydı, daha yaxşı nələrsə yazacaqdım, amma onda da ac qalacaqdım (gülür – T.X.).
- Hansı şeiriniz məhz öz taleyinizdən bəhs edir ?
- Mən heç vaxt başqasının həyatından yazmamışam - hamısı öz həyatımdır. Ona görə də mənə hamısı doğmadır. Amma populyar olanlara istər-istəməz daha çox hörmət edirəm. Bu da insan xislətidir, nə edim.
- Deyirsiniz ki, hamısı öz həyatınızdan bəhs edir. İçində nakam sevgidən bəhs edən şeirlər də var. Belə şeirlər ailədə narazılıq, qısqanclıq yaratmır?
- Yaratmır, çünki bu, heç nəyi dəyişən deyil. Amma o şeir sabah bəlkə də kiminsə köməyinə çatır.
- Yazıçılar Birliyinə üzv olmusunuz və ya olmağı düşünmüsünüz?
- 18 yaşım olanda düşünürdüm, amma sonra gördüm ki, bu, Sovet dövründən qalma mənasız bir şeydir. Ona görə heç cəhd etmədim də.
- Ən azı təqaüd almaq şansınız ola bilərdi. Onu da istəmədiniz?
- O təqaüd mənim yaradıcı sərbəstliyimi çərçivəyə salacaqsa, nəyimə lazımdır? Ümumiyyətlə, bu dövrdə belə qurumlar çox gülünc görünür. Ora üzv olmasan, yaza bilmirsən ki? Həmişə də nəyəsə görə dalaşırlar.
- “O yazmasaydı, ədəbiyyat heç nəyi itirməyəcəkdi” dediyin biri varmı?
- Çox ad çəkmək olar, amma məncə, indi buna köklənmək düz deyil. Hər şeyi gələcək özü göstərəcək.
- Suallara diplomat kimi cavab verirsiniz…
- Məncə kifayət qədər səmimiyəm (gülür – T.X.). Axı, ədəbiyyat onsuz da kömək istəyir. Biz də vuraq?!
- Bəs, ürəklə “istedadlıdır” deyə biləcəyiniz bir nəfərin adını çəkə bilərsiniz?
- Məncə, onu da zaman göstərəcək. Niyə bizim yazarlar, şairlər belə yazıq vəziyyətdədirlər? Çünki həmin o Sovet sindromu keçməyib. Yazıçı mütləq içməlidir, “bomj” kimi yaşamalıdır, mütləq kiminsə təqaüdünə ehtiyacı olmalıdır və s.
- Axı yazıçıların bəziləri iddia edirlər ki, “içməsək, yaza bilmirik”. Doğurdanmı içməyəndə yazmaq olmur?
- Razı deyiləm. Sadəcə özlərini buna inandırıblar. Sonra da geri dönmək olmur. Bax budur o Yazıçılar Birliyinin nəticəsi.
- Yazıçı ildə bir kitab çap etdirməlidir? Yoxsa, başqa işdə də işləmək qabiliyyəti olmalıdır?
- Bizim bazar çox kiçikdir. Ona görə, hətta hər il də kitab çap etsən, bununla dolanmaq olmaz. Biz daha çox gələcəyə yönəlik yazırıq. Yəni, “mən yazıçıyam, nə iş tapa bilərəm” sualı da verilməməlidir. Bu, ona oxşayır ki, kimsə soruşur: “Mənə iş tapa bilərsən”. Soruşuram, nə bacarırsan? Deyir, “heç nə, amma sürücülük vəsiqəm var”. Bu gün hamının maşın sürdüyü bir dövrdə, sizcə, bu, nə qədər müsbət keyfiyyətdir?
- Gəlin bir az da radiodan danışaq. Raqif Raufoğlu uzun illərdir dinləyicilərin sevimlisidir. Bu sevgini necə qoruya bilmisiniz?
- Gördüyünüz kimi nə ədəbiyyatda, nə də radioda intriqaları sevirəm (gülür – T.X.). Heç bir xüsusi taktika da seçməmişəm, sadəcə özüm olmuşam, vəssalam. Məncə, dinləyici də elə ən çox bunu dəyərləndirib. Məni ən çox narahat edən həmişə bu olub ki, birdən daha danışmağa yeni nəsə olmaz, banallaşaram… Buna görə də acgözlüklə mütaliə edirəm.
- Raqifin başqa radio aparıcılarından fərqi nədir?
- Məncə, əsas olan budur ki, mənim yaradıcı sərbəstliyim var. Yəni ancaq etmək istədiyimi edirəm. Nəyisə etməliyəm deyə etmirəm. Bu, çox önəmlidir. Özümü hansı formatda görürəmsə, ona iddia edirəm. Bir çoxlarını dinləyirəm və belə başa düşürəm ki, onlar maaşa görə bu işi görürlər. Belə olanda da uğur qazanmaq çox çətindir. Mən layihəmi özüm hazırlayıram, kimsə müdaxilə etmir.
- Başqa radio kanaldan daha çox maaşlı iş təklifi gəlsə, gedərsiniz?
- Belə təkliflər az olmayıb. İş orasındadır ki, mən maaşa işləmirəm. Layihə rəhbəri olduğum üçün, bu uğur varsa, o, mənə pul da qazandıracaq. Olmayacaqsa, qazanmayacağam.
- Yeni radioaparıcılar seçirsiniz. Köhnə aparıcılar müraciət etsə də, siz yeni səs axtarışında olduğunuzu deyirsiniz. Dostlar sizdən incimirlər?
- İnciyirlərsə, özlərindən küssünlər. Yaxşı aparıcıları hamı axtarır. Açığını deyim, yaxşı aparıcı yoxdur hazırda. Hamı axtarır. Kimsə ortada qalıbsa, deməli, aydındır ki, ona tələbat yoxdur. Biz özümüz də kastinqlə seçilmişik. Bəlkə doğrudan da haradasa böyük bir potensial var. Hər yerdə qapılar bağlıdırsa, onlar necə gəlsinlər radioya? İstedadlılara yol açmalıyıq.