Teatr və kinoteatrların fəaliyyəti bərpa olunacaq? - AÇIQLAMA

Mədəniyyət

14.09.2021 - 17:54

Həkimlər Klinikalar SEO Xidməti

Mədəniyyət Nazirliyi: “Pandemiyadan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir”

“Pandemiya şərtlərinə əməl edilməklə kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb”. AYNA xəbər verir ki, bu sözlər Mədəniyyət Nazirliyinin məlumatında əksini tapıb.

Bildirilib ki, pandemiyadan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir: “İki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il onlayn formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü-özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir”.

Məlumatda o da qeyd olunub ki, bu festivallar bir sınaq rolunu oynayır: “Belə ki, gedişat uğurlu alınarsa, bu, teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım olacaq. Bu işdə təkcə müəssisələrə yox, eyni zamanda tamaşaçılara da böyük ümidlər bəsləyirik. Onu da deyək ki, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti peyvənd olunub. Ümid edirik ki, sıravi vətəndaşların – potensial tamaşaçılarımızın da əksəriyyəti peyvənd olunandan sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa ediləcək.  Ümid edirik ki, bu bəla xalqımızın başı üzərindən sovuşar və ölkəmizdə həyat tezliklə öz axarına qayıdar. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur”.

Müəllif: Ayna.az