Kikabidze ötən il 84 yaşını Batumidə solo konserti ilə qeyd etmişdi
Əfsanəvi gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor və bəstəkar Vaxtanq Kikabidze 84 yaşında vəfat edib. AYNA gürcü mediasına istinadən xəbər verir ki, onun prodüseri ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub.
1959-cu ildə Kikabidze Tbilisi Filarmoniyasının artisti olub. Onun səhnədəki karyerasının başlanğıcı 1960-1970-ci illərdə çıxış etdiyi “Dielo və Orera” caz ansamblları ilə bağlıdır. Buba ləqəbli sənətçi kinoda debütünü 1966-cı ildə "Dağlarda görüşlər" (rejissor Nikolay Sanişvili) filmində edib.
Lakin onun kinoda ilk ciddi işi "Ağlama!" (1969) filmidir. Bu işə görə Kikabidze 1970-ci ildə Kartaqenada (İspaniya) keçirilən Beynəlxalq Film Festivalında ən yaxşı aktyor mükafatını alıb.
1986-1990-cı illərdə Kikabidze Gürcüstanın “Rero” Dövlət Estrada Orkestrinə rəhbərlik edib.
Kikabidze çoxsaylı mükafatların laureatıdır. Onların arasında SSRİ Dövlət Mükafatı, Gürcüstanın Xalq artisti adı, SSRİ DTK-nın mükafatı, eləcə də bir çox ordenlər var.
2020-ci il parlament seçkilərində Kikabidze ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın siyahısında birinci olub və Gürcüstan Parlamentinin üzvü seçilib.
Qeyd edək ki, Kikabidze Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinə etiraz olaraq Rusiya tərəfindən verilmiş mükafatlardan imtina edib.