Vaşinqton Bakı qarşısında geri addım atdı: “Azərbaycan həlledici oyunçudur”

Siyasət

30.11.2023 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ bölgəyə dair planlarına nail ola bilmək üçün Azərbaycanın əhəmiyyətini anlayır” – Asif Nərimanlı

ABŞ Konqresində Azərbaycan əleyhinə verilən qərardan və dövlət katibinin köməkçisi Ceyms Obraynın (O'Braynın) bəyanatlarından sonra sonra iki ölkə arasında gərginləşən münasibətlərdə yumşalma gözlənilir. Bu ehtimal ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra artıb.

Xatırladaq ki, noyabrın 27-də Blinken Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon söhbəti zamanı Prezident qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Blinkenin İlham Əliyevə zəngi, aparılan fikir mübadiləsinind etalları ilə bağlı AYNA-nın suallarını siyasi şərhçi Asif Nərimanlı cavablandırıb. Analitik bildirib ki, Blinkenin zəngi Vaşinqtonun Bakı qarşısında geri çəkilməsidir:

- Lakin ABŞ-ın bu prosesdə planı var. Geosiyasi mübarizənin Cənubi Qafqazda kəskinləşdiyi müşahidə edilir, xüsusilə Qərb cəbhəsi Ermənistan üzərindən mövqelərini gücləndirmək istiqamətində addımlar atır. Lakin Ermənistan zəif halqadır, Rusiyanı bu ölkədən tamamilə çıxarsalar belə, bütün bölgəyə nəzarət üçün Azərbaycan həlledici oyunçudur. Bakı-İrəvan sülh sazişi imzalanmasa, Ermənistan coğrafi olaraq dalan ölkə kimi qalacaq. Bunun üçün sülh sazişi imzalanmalı, kommunikasiyalar Qərbin istədiyi kimi suverenlik prinsipinə uyğun açılmalı, Ermənistan Qərbə çıxış əldə etməlidir.

Azərbaycana təzyiqin səbəbi də sülh sazişini Qərb platformalarında müzakirə etmək, orada imzalamaqdır. Bu platformalarda danışıqlarda Ermənistanın gündəliyi əsas götürüldüyü üçün Azərbaycan buna razılaşmır, eyni zamanda, regional planlar, xüsusilə Orta Dəhliz layihəsinin perspektivi baxımından problemlərin bölgədə həll edilməsi lazımdır, yəni kənar oyunçuların müdaxiləsinə imkan verilməməlidir. ABŞ Azərbaycanı razı salmaq üçün təzyiq kartını işə saldı, hərçənd, nəticə vermədiyi üçün klassik strategiyaya qayıtdılar: danışıqlar aparmaq, təmasları davam etdirmək. Blinkenin zəngindən çıxan nəticə budur ki, ABŞ bölgəyə dair planlarına nail ola bilmək üçün Azərbaycanın əhəmiyyətini anlayır. Bu, proseslərin sonrakı inkişafına da təsir edəcək, xüsusilə Bakının əlini gücləndirəcək amildir.

- Bu telefon söhbəti ABŞ ilə Azərbaycan arasında son günlər yaşanan gərginliyi aradan qaldıracaqmı?

- Fikrimcə, hər şey Obraynın səfərinin nəticələrindən asılı olacaq. ABŞ yeni təkliflər irəli sürür, Azərbaycanın buna cavabı münasibətləri də müəyyənləşdirəcək. Hərçənd, Vaşinqtonda təzyiqlərin nəticə vermədiyini də anladılar, xüsusilə Bakının üzərinə hücum etməyin bölgədə Rusiyanın mövqelərini gücləndirməklə nəticələndiyini gördülər. Bu baxımdan, ABŞ məsələləri təzyiqlə yox, daha çox müzakirələrlə yoluna qoymaq istiqamətində hərəkət edə bilər.

- Əliyev sülh sazişi ilə bağlı Ermənistanın qeyri-konstruktivlik sərgilədiyini bildirməklə Vaşinqtona hansı mesajı çatdırdı?

- Qərb cəbhəsində Azərbaycan ətrafında sülhdən yayınmaq, Ermənistana hücum etmək kampaniyası aparılır. Bu kampaniyanın məqsədi də Bakını Qərb platformasında danışıqlara gətirməkdir. Prezident İlham Əliyev İrəvanın sülh təklifinə cavabı 70 gün gecikdirdiyini deməklə Vaşinqtona sülhdən yana olmayan tərəfin Azərbaycan olmadığı mesajını çatdırdı. 

- Dövlət katibi ilə dövlət başçısı arasındakı fikir mübadiləsindən sonra sülh danışıqlarında Vaşinqton platformasının bərpasını söyləmək mümkündürmü?

- Bu gözlənti hələ də azdır. Təkcə ona görə yox ki, ABŞ-ın yanlış mövqeyi dəyişməyib, həm də sülh sazişinə dair hansı platformada nələrin müzakirə edilməsi burada əsas amillərdəndir. Vaşinqton da daxil olmaqla, Qərb platformalarında kommunikasiyanın suverenlik prinsipi əsasında açılması, yəni Zəngəzur dəhlizi layihəsindən imtina edilməsi müzakirə olunur, eləcə də sərhədin delimitasiyasında İrəvanın təkliflərinə yaxın mövqe sərgilənir. Eyni zamanda, “Qarabağ ermənilərinin hüquqları”ndan hələ də kart kimi istifadə etməyə çalışırlar. Bu, Azərbaycana sərf etmir.

Qarabağda erməni separatizminin ləğvindən sonra Bakının əli daha da güclənib. Sülh sazişi imzalanmasa, Azərbaycan heç nə itirmir. Zəngəzur dəhlizini də İran marşrutu ilə əvəzləmək aktualdır. Fikrimcə, Azərbaycan öz şərtlərinin qəbul edilməyəcəyi danışıqlara getməyəcək, yaxud belə danışıqlarda iştirak edəcəksə, praktiki müstəvidə nəticələri olmayacaq. Bu kontekstdə Vaşinqton platformasının bərpa ediləcəyi hələ də sual altındadır. 

- Blinken Obraynın Azərbaycana səfərə gəlməsi üçün Prezidentdən icazə istədi. Obraynın Bakıya səfərini ABŞ niyə bu qədər istəyir?

- Obrayn ABŞ-ın yeni planını və sülh sazişinə dair yeni təkliflərini Bakıya gətirəcək. Daha doğrusu, Bakıda Azərbaycan rəhbərliyini bunlara inandırmağa çalışacaq. ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi nəzarətə götürmək istəyir. Bununla həm Çini prosesdən uzaqlaşdırmaq, həm də dəhliz üzərində Rusiyanın nəzarət imkanlarını sıradan çıxarmağı planlaşdırır. Cənubi Qafqazda Moskvaya qarşı görünən bu planın əsas hədəfi Pekindir və Vaşinqton Mərkəzi Asiyadan Avropaya çıxan marşrutla həm də Çinin sərhədinə qədər təsir imkanlarını genişləndirməyi planlaşdırır.

Vaşinqton buna nail ola bilməsə - Orta dəhliz Pekinin planına uyğun reallaşsa, bu, Çinin qlobal sistemdə ikinci qütb olması, eyni zamanda, ABŞ-ın Avropa üzərindəki təsirinin azalması ilə nəticələnə bilər. Bu planda Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir. Obrayn Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq. Əslində Ermənistan parlamentinin spikeri Alen Simonyanın “15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər” açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar. Proseslərin inkişafını da məhz Obraynın Bakı səfəri müəyyənləşdirəcək.

Müəllif: Anar Bayramoğlu