Ukraynada enerji çatışmazlığı: “Rusiyadan elektrik almağa məcbur qaldıq”

Dünya

16.02.2021 - 16:55

Nazir: “Bu, mənim xoşuma gəlmir, amma əks təqdirdə işıqların kəsilməsi təhlükəsi var idi”

 

“Ukrayna Rusiya və Belarusdan elektrik enerjisi alınmasına qarşıdır, lakin bu qış Kiyev ölkədə elektrik çatışmazlığı səbəbindən bu tədarükləri qəbul etmək məcburiyyətində qaldı”. AYNA xəbər verir ki, bu sözləri Ukraynanın enerji naziri Yuri Vitrenko deyib.

 

Nazir bildirib ki, ölkəsi bu təcrübədən imtina edib Avropa sisteminə qoşulmağı planlaşdırır.

 

Qeyd edək ki, 3 yanvarda Ukrayna Belarusiyadan, 1 fevraldan isə Rusiyadan elektrik enerjisi idxalını bərpa edib. Rusiyadan tədarük 500 MV/saat, Belarusiyadan 650 MV/saatdır.

 

“Bizdə hava soyuq keçdi, elektrik çatışmazlığı var idi. Ukraynanın nüvə enerji blokları tam gücü ilə işlədi, kömür blokları, hətta qaz blokları da açıldı, amma yenə də elektrik çatışmırdı. Buna görə Belarusdan təcili yardım istədik. Bu, mənim xoşuma gəlmir, amma əks təqdirdə işıqların kəsilməsi təhlükəsi var idi”, Vitrenko vurğulayıb.

 

Nazir qeyd edib ki, gələcəkdə bu halın baş verməməsi üçün tədbir görüləcək: “Sistemimizi əvvəlcədən inkişaf etdirməli və sonradan fövqəladə rejimdə Rusiya və Belarusdan elektrik enerjisi almağa ehtiyacımız olmadığına əmin olmalıyıq. Çalışacağam ki, növbəti qış Belarusdan və hətta bəzi günlərdə Rusiyadan elektrik almaq məcburiyyətində qalmayaq”.

 

Xatırladaq ki, fevralın 10-da Ukraynanın istilik elektrik stansiyalarının kömür qıtlığı yaşadığı və əksəriyyətinin bir neçə günlük iş üçün ehtiyatları olduğu ortaya çıxıb. Ukrayna məcburiyyət qarşısında Rusiyadan elektrik enerjisi almalı olub.

Müəllif: Ayna.az