“Ukrayna Krımı hərbi yolla azad etməyə hazır olmalıdır”

Dünya

03.03.2021 - 12:29

Tatyana Çernovol: “Rusiyada gərgin proseslər başlayana qədər gözləmək lazımdır”

 

Ukraynalı siyasətçi, Ali Radanın keçmiş deputatı Tatyana Çernovol rəsmi Kiyevi hər an Krımı hərbi yolla qaytarmağa hazır olmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə sabiq deputat “Pryamoy” telekanalının efirində deyib.

 

Xanım siyasətçi bildirib ki, Ukraynanın yarımadanı geri qaytarmaq üçün hərbi əməliyyat keçirməyə daim hazır olmalıdır: “Rusiyada gərgin proseslər başlayana qədər gözləmək lazımdır. Zaman yetişəndə yarımada hərbi yolla azad edilməlidir. Ancaq buna hazır olmalısan. Düşünürəm ki, Ukrayna hələ ki, bu hazırlıqları etməyib”.

 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Krım yeddi il əvvəl qoparılan “Ukraynanın ürəyidir”.

 

“Bəziləri “ürəyimizi” qanuni yolla və nəzakətlə qopardıqlarını deyirlər”, - Zelenski əlavə edib.

 

“Ukraynalı siyasətçilərin çoxu Krıma qarşı hərbi güc tətbiqinin Ukraynanın parçalanmasına səbəb olacağını bilirlər”. Bunu isə Rusiya Federasiya Şurasının üzvü Sergey Tsekov ukraynalı siyasətçi T.Çernovolun açıqlamasına münasibətində deyib.

 

“Çernovol davamlı olaraq qeyri-adekvat fikirlər söyləyir, aqressiv bir siyasətçidir. Döyüşlərdən, müharibələrdən danışır. Bu gün artıq hər kəsə Krımın Rusiya Federasiyasının bir hissəsi olduğu aydındır və başqa yol yoxdur”, - deyə Tsekov əlavə edib.

 

Xatırladaq ki, Krım 2014-cü ilin martında bölgədə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil edilib. Ukrayna, Avropa Birliyi ölkələri və ABŞ səsvermənin nəticələrini tanımaqdan imtina edərək, yarımadanın Rusiyaya birləşməsini ilhaq adlandırıb. Rusiya hakimiyyəti bu ittihamları rədd edir və birləşmə prosedurunun beynəlxalq hüquqa uyğun olduğunda israrlıdır.

Müəllif: Ayna.az