"Üçüncü qüvvə Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluğu dərinləşdirmək istəyir"

Siyasət

12.08.2022 - 18:32

Ərəstun Oruclu: "İndiki mərhələdə, indiki münasibətlər durumunda Azərbaycana Rusiya ilə əlavə problemlər lazım deyil"

İraqdan yayımlandığı deyilən "Sabereen News" adlı "Telegram" kanalında Azərbaycanla bağlı yayımlanan təxribat xarakterli məlumat Rusiya və Ermənistan mediasının gündəmindədir. İrana bağlılığı olduğu deyilən "Sabereen News"da Azərbaycandan Ukraynaya aviabombaların, lazerli aviazərbə raketlərinin göndərilməsi haqqında məlumat yerləşdirilib.

Kanalda 8 təyyarə reysi orderinin fotoları belə bir şərhlə paylaşıb: “Eksklüziv. Azərbaycanın neytral qalacağını deməsinə baxmayarq, müharibədə Rusiya Federasiyası ordusuna qarşı Ukrayna hökuməti və NATO-ya dəstək verməkdə Azərbaycan hökumətinin rolunu göstərən sızmış faylı təqdim edirik. Bu yöndə “Sabereen News” unikaldır”.

Həmin paylaşımdan 1 dəqiqə sonra isə növbəti paylaşım olub: “Bu məxfi sənədlərə görə, Azərbaycan hökuməti neytral olduğunu bildirməsinə baxmayaraq, Ukraynaya aviasiya bombaları verir. Çatdırılmalar Sudan və Polşa vasitəsilə həyata keçirilib. Əlimizin altında səkkiz sənəd var: daşıma sənədləri. “Meridian” Ukrayna Müdafiə Nazirliyinə bağlı şirkətidir, “Cihaz” isə Azərbaycanın Müdafiə Nazirliyinə məxsusdur. Sənədlərə əsasən, hansı növ bombalar olduğu bəlli olmasa da, böyük ehtimalla bu, Su-24 bombardmançısına aiddir. Biz “Sabereen” xəbərçisi olaraq Azərbaycan hökumətinə bir məsləhət vermək istəyirik: Ukrayna “gizli çatdırılmalar” üçün ən yaxşı tərəfdaş deyil, çünki yaxın gələcəkdə hər şey məlum olacaq”. 


 
Bu paylaşımdan 10 saat sonra həmin məlumatları əks etdirən link “Sabereen News”un tvitter səhifəsində paylaşılıb. Bununla demək olar ki, mediaya Azərbaycan əlehinə yazmaq üçün yeni mövzu və unikal platforma verilib. Belə ki, ilk olaraq Rusiyadan yayımlanan “wingsofwar” ("Müharibənin qanadları") "Telegram" kanalı bu kampaniyanın öncülü olub. Həmin kanal iddia edib ki, Azərbaycan neytral statusda olmasına baxmayaraq, Ukraynaya aviamərmilər göndərib. “Sabereen News”a istinad edən kanal iddia edib ki, Azərbaycan 2022-ci ilin aprel ayında ukraynalı hərbçilərə gizli şəkildə silah və sursat verib. 

Bundan sonra bir çox erməni saytları İraqın “Sabereen News” kanalına istinad edərək məhz Rusiyanın “Крылья войны” kanalının yönləndirici məlumatını böyük sürət və coşqu ilə yayıblar. Həmin “araşdırmanı” “Azərbaycan neytral statusda olmağına baxmayaraq Ukraynaya aviamərmilər göndərib” başlığı ilə paylaşıblar.

Məlumatı Rusiyanın erməniyönlü xəbər agentliyi "Regnum” , “EADaily", baş redaktoru erməni Sarkis Tsaturyan olan “İA Realist”, qeyri-ciddi, provakativ məlumatları və dezinformasiyaları ilə məşhur olan “Tsargrad”, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”, “1Lurer.am”, Ermənistan xüsusi xidmət orqanlarının qeyri-leqal saytı olan “Voskanapat”, ingilisdilli xəbər saytı "news.am" və digər saytlar paylaşıblar. 

Ekspertlər indiki dövrdə belə bir saxta məlumatın yayılmasını Azərbaycana qarşı olan qüvvələrin təxribatı kimi dəyərləndirirlər. Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımı bəllidir. Gizli deyil ki, Azərbaycandan Rusiyanın işğalçı müharibəsi nəticəsində ev-eşiklərini itirən, ağır vəziyyətə düşən ukraynalılara ərzaq və tibbi ləvazimatlardan ibarət humanitar yardımlar göndərilib və bu proses davam etməkdədir. Amma silah yardımı məsələsində vəziyyət fərqlidir. Birincisi, Azərbaycan faktiki olaraq müharibədən çıxmış ölkədir və silaha ərazilərinin bir qismi hələ də işğalda olduğu üçün silaha ehtiyacı var. İkincisi, “Sabereen News”un Ukraynaya göndərildiyini iddia etdiyi silahların Azərbaycanda olması özü sual altındadır. Bu baxımdan, analitiklər hesab edirlər ki, belə məlumatın İrana bağlı "Telegram" kanalında yayılması, bunun Rusiyadakı ermənipərəst media orqanlarının və Ermənistan mediasında tirajlanması başqa məqsədlərə xidmət edir. 

"Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, həmin məlumatın ortaya atılması açıq-aşkar təxribatdır:

- Təxribat xarakterli məlumat həm də saxtadır. Ona görə ki, mən bildiyim qədərilə Azərbaycanda heç bir dəqiq bomba istehsal olunmur. Bu, yalandır. Əgər Ukraynanın belə silahları almasına ehtiyacı varsa, bu gün bu dövləti başda ABŞ olmaqla, NATO ölkələri artıqlaması ilə təmin edirlər. Təyyarələrdən başqa, bütün müasir silahlarla Ukrayna ordusu təchiz olunur. Belə olan halda, Azərbaycandan Ukraynaya dəqiq bombaların göndərilməsinə hansı zərurət var?! Ümumiyyətlə, Azərbaycanda belə bombalar varmı? Xeyir, yoxdur. Ona görə də, təbii ki, bu məlumatın yayılması təxribatdır. 

- Bu təxribatın məqsədi nədir?

- Təxribatın məqsədi Azərbaycanı təhdid etməkdir. Göstərmək istəyirlər ki, ortaya başqa məlumatlar da ata bilərlər və bunun fonunda Azərbaycan ətrafında gərginlik yarada bilərlər. Mesaj verirlər ki, Azərbaycanın Ukraynanın tərəfində olduğunu göstərə bilərlər. Amma bu inandırıcı deyil. Şəxsən inanmıram ki, İraqdan yayımlanan hansısa "Telegram" kanalı vasitəsilə ortaya atılmış məlumat gərginliyin yaranmasında, Azərbaycanı müharibədə tərəf kimi göstərməkdə rol oynaya bilər. Bu, istisnadır. Bütün hallarda, məlumat ortaya atılıbsa, bunun arxasında dayananlar var. Çox güman ki, arxasında dayanan qüvvə üçüncü tərəfdir. 

- Məlumatı yayan media orqanının İrana bağlı olduğu bildirilir. Üçüncü tərəf dedikdə hansı qüvvəni nəzərdə tutursunuz?

- “Sabereen News”un İrana bağlı media qurumu olub-olmadığını mən deyə bilmərəm. Bu barədə dəqiq məlumatım yoxdur. Amma İraqda İranın təsiri yetərincədir. İstisna deyil ki, “Sabereen News” İrana bağlıdır. 

Ola bilər ki, Azərbaycanla Rusiyanın münasibətlərində bir qədər də soyuqluq yaransın. Onsuz da Azərbaycan-Rusiya münasibətləri özünün ideal mərhələsini yaşamır. Bunu Tehranda da, Moskvada da, Bakıda da, Ankarada da, Brüsseldə də,  İrəvanda da, Vaşinqtonda da - bir sözlə, hər yerdə bilirlər. Üçüncü qüvvənin bu soyuqluğu dərinləşdirmək və bundan yararlanmaq istəyi mümkündür. Söhbət İrana bağlı medianın belə təxribatçı məlumatından gedirsə, bu, anlaşılandır. Bir daha qeyd edim, “Sabereen News”un İrana bağlı media qurumu olub-olmadığı barədə əminliyim yoxdur. Əks halda, mən də “Sabereen News” kimi havadan məlumat götürərəm, "dərin mənbələrə" istinadla məlumat yaymış olaram. Amma İranla Rusiya arasında olan müttəfiqlik, ortaq maraqlar olsa da, xeyli dərtin ziddiyyətlər də mövcuddur. O cümlədən də Cənubi Qafqazla bağlı. Rusiya heç vaxt İrana Cənubi Qafqazda müəyyən həddən o yana keçməyə imkan verməyib. SSRİ dağılandan bugünədək Rusiya çalışıb ki, İran Cənubi Qafqazla müəyyən məsafədə dayansın. Bu, Rusiyanın təkcə Azərbaycan siyasətində yox, Suriya və digər bölgələrdəki siyasətində də özünü göstərir. Görünür İrana indi Azərbaycanla Rusiya arasındakı soyuqluğun daha da dərinləşməsi lazımdır ki, bundan yararlana bilsin. 

- Buna nail ola biləcəkmi?

- Düşünmürəm ki, nail ola bilsin. Ucuz təxribat olduğuna görə, effekti olmayacaq. Digər yandan, Azərbaycandan Ukraynaya nə gedirsə, bunu Rusiya çox yaxşı bilir. Rusiyanın istər Azərbaycanda, istərsə də Ukraynada - xüsusilə, hərbi sənaye sahəsində, orduda - saysız-hesabsız adamları, agentləri var. Azərbaycandan Ukraynaya iddia edilən silahlar getsəydi, bu məlumatlar Kremlə çoxdan ötürülmüş olardı. Yəni ki, Rusiyanın İraqın hansısa media orqanında qondarma məlumatına ehtiyacı yoxdur. Ona görə də, bu ucuz təxribatdır ki, bununla nəsə etmək mümkünsüz görünür. Lakin hər halda, təxribatdır və bunun cavabı verilməlidir. Biz gördük ki, Rusiyanın bəzi media resursları bu məlumatı tirajladılar, kampaniya halına gətirməyə çalışdılar. Ona görə də, belə məsələlərdə ehtiyatı əldən vermək olmaz. Belə saxta məlumatları zamanında ifşa etmək, mənbələri tapıb göstərmək, bunun yalan olduğunu sübut etmək lazımdır. İndiki mərhələdə, indiki münasibətlər durumunda Azərbaycana Rusiya ilə əlavə problemlər lazım deyil. 

Müəllif: Anar Bayramoğlu