ABŞ Prezidenti Ukrayna liderini hədələməyib
Dünən ABŞ Prezidenti Donald Trampdan 28 maddəlik planının "Ukraynaya son təklifi" olub-olmadığı və Ukrayna Prezidenti Volodimir Zelenski onu rədd edərsə nə baş verəcəyi soruşulub.
Trampın cavabları onun planın uğur qazanacağına çox ümid bəsləmədiyini göstərir. ABŞ Prezidenti planın "Ukraynaya son təklifi" olmadığını bildirib və Zelenskini imtina edəcəyi təqdirdə heç bir nəticə ilə hədələməyib.
"Əgər o planı rədd edərsə, mübarizəyə davam edə bilər", - deyə Tramp bildirib.
Bir gün əvvəl Tramp administrasiyasının Ukraynaya böyük təzyiq göstərdiyi və Zelenskidən 27 noyabra qədər təklif olunan şərtlərlə razılaşmasını tələb etdiyi bildirilib.
Zelenski Ukrayna xalqına televiziya ilə müraciətində ölkənin ləyaqətini itirməklə ABŞ-ın dəstəyini itirmək arasında çətin bir seçimlə üzləşə biləcəyini bildirib.
Zelenski avropalı müttəfiqləri ilə intensiv danışıqlar apardığını və davamlı dəstək təminatı aldığını qeyd edib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 28 maddəlik planın Aİ üçün qəbuledilməz olduğunu açıq şəkildə bildirib.