“Mənim administrasiyam bu vəhşilikdə və digər siyasi zorakılıqda əli olan hər bir şəxsi tapacaq”
ABŞ Prezidenti Donald Tramp deyib ki, onun administrasiyası mühafizəkar siyasətçi və fəal Çarli Kirkin qətlində əli olan bütün şəxsləri cəzalandıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə Amerika lideri videomüraciətində bildirib.
“Mənim administrasiyam bu vəhşilikdə və digər siyasi zorakılıqda əli olan hər bir şəxsi, o cümlədən onu maliyyələşdirən və dəstəkləyən təşkilatları, həmçinin hakimlərimizi, hüquq-mühafizə orqanları əməkdaşlarını və ölkəmizi nizam-intizamda saxlayan hər kəsi hədəfə alanları tapacaq”, - ABŞ Prezidenti qeyd edib.
Tramp Kirki “həqiqət və azadlıq uğrunda şəhid” adlandırıb və əlavə edib ki, onun qətli “Amerika üçün qaranlıq məqamdır”.
Öz növbəsində FTB direktoru Keş Patel Kirkin qətlində şübhəli bilinərək saxlanılan şəxsin sərbəst buraxıldığını bildirib. Patel “X” hesabında "Saxlanılan şəxs hüquq-mühafizə orqanları tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb" yazıb. O əlavə edib ki, istintaq davam edir.