"Biletlər bitdiyindən sonuncu məntəqəyə uyğun bilet təqdim olunub"
Bakı Beynəlxalq Avtovağzalda Tovuza getmək üçün bilet almaq istəyənlərə Qazax istiqamətində bilet təqdim olunur. Bu barədə “Facebook”da Xəzər Əlizadə adlı istifadəçi paylaşım edib. Onun sözlərinə görə, Avtovağzalda kassadan Tovuza bilet istəsə də, kassir verə bilməyəcəklərini söyləyib və daha sonra Qazaxa bilet təqdim edib.
“Biletlər arasında 1.5 AZN fərq var. Bu, vətəndaşın cibinə girməkdir”, - deyə istifadəçi paylaşımında qeyd edib.
Bakı Beynəlxalq Avtovağzalın Mətbuat Xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə biletlər bitdiyinə görə, sərnişinə sonuncu məntəqəyə uyğun bilet təqdim olunub: “Hazırda Bakıdan Şəmkir, Tovuz, Ağstafa, Qazax istiqamətində sərnişindaşınması prosesi Bakı-Qırmızı Körpü reysi ilə həyata keçirilir. Bu istiqamətdə işləyən sahibkarların rentabelliyinin saxlanılması məqsədi ilə sərnişinin səfər etmək istədiyi məntəqəyə biletlər bitdiyindən sonuncu məntəqəyə uyğun bilet təqdim olunub”.