“Vəkilinə bir qərar verdiyini söylədi və onunla vidalaşdı”
Belarusda prezidentliyə müxalif namizəd olmuş Svetlana Tixanovskaya ölkəni tərk edib. AYNA-nın məlumatına görə, bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkeviçius öz “Twitter” hesabında açıqlama verib.
Onun sözlərinə görə, siyasətçi ölkəsindəki təqiblərdən qorunmaq üçün Litvaya gedib. “O, indi təhlükəsizdir”, - deyə Linkeviçius bildirib.
Əvvəlki xəbərlərdə qeyd olunurdu ki, Tixanovskaya təxminən üç saat saxlandığı Mərkəzi Seçki Komissiyasının binasını sərbəst tərk edib.
“Sonra Svetlana çıxdı. Vəkilinə bir qərar verdiyini söylədi və onunla vidalaşdı. Arxa qapıdan çıxarıldı. Baxmayaraq ki, o, hansı qərarı verdiyini açıqlamadı. Tixanovskaya ilə əlaqə saxladıq, təhlükəsiz yerdə olduğunu təsdiqlədi”, - deyə namizədin qərargahı açıqlamışdı.
Qeyd edək ki, Belarusda iki gündür ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan vətəndaşlarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında küçə toqquşması davam edir. “Exit poll”-lara və MSK-nın ilkin açıqlamasına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80 faizdən çox, müxalif namizəd Tixanovskaya isə 10 faizdən az səs toplayıb. Etirazçı kütlə də, müxalif namizəd də seçkilərin nəticəsini tanımır.
Tixanovskayanın bu gün mitinq edən kütlənin yanına gələcəyi gözlənilsə də, onun qərargahı buna lüzum olmadığı qərarını verib.
Belarusda toqquşmalar zamanı etirazçılara qarşı xüsusi texnikadan, su şırnaqlarından, flaş qumbaralardan və rezin güllələrdən istifadə olunur. Mitinqləri dağıtmaq üçün hərbi xüsusi təyinatlılar cəlb olunub. Rəsmi məlumatlara görə, ötən gecə 39 hüquq mühafizə orqanı işçisi və 50-dən çox mülki şəxs yaralanıb. İğtişaşlar zamanı həlak olanlar haqqında qeyri-rəsmi məlumatlar var.