Təhsil Nazirliyi: MİQ müsabiqəsinin əsas qayəsi şagirdlərin marağını qorumaqdır

Cəmiyyət

23.07.2020 - 18:11

“Bu maraq düşünən və düşünməyi öyrədən savadlı müəllimlərin seçilməsini tələb edir” – Cəsarət Valehov

 

Cari ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində məntiq suallarının çıxarılacağı və onların pedaqogika və metodika üzrə suallar ilə əvəzlənəcəyi xəbəri əks-səda yaradıb. Bu fonda xeyli digər suallar yaranıb: Ali (orta ixtisas) təhsil almış şəxs müəllim işləmək üçün niyə yenidən imtahan verməlidir? MİQ imtahanlarının məzmunu niyə dəyişildi? Metodika üzrə sualları kim hazırlayır? Niyə metodika üzrə ədədbiyyat siyahısı verilmir? Namizədlər bu imtahana necə hazırlaşsın? və s.

 

AYNA-nın bu istiqamətdə suallarını Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov cavablandırıb.

 

Onun sözlərinə görə, MİQ müsabiqəsi ölkədə işəqəbul üzrə ən kütləvi kampaniya olması səbəbilə həm müəllim olmaq istəyənlərin, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir: “Bu, əlbəttə, yaxşı haldır – ictimai maraq həmişə prosesin şəffaflığına və səmərəli qurulmasına  yardım edir. İkinci tərəfdən isə elə kampaniyanın kütləviliyi xeyli sayda arzuedənlərin sırasından daha savadlı və hazırlıqlı şəxslərin seçilməsi üçün əlavə mexanizmlər tələb edir. Azərbaycan kimi bir çox digər ölkələrdə də pedaqoji təhsil almış şəxslərin məktəblərə işə qəbulu prosesi əlavə imtahan vasitəsilə tənzimlənir. Dünyada olduğu kimi, Azərbaycanda da müəllim seçimində ali məqsəd şagirdlərin daha keyfiyyətli təhsil almaq hüququnu təmin etməkdir.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, MİQ imtahanının məzmununda dəyişikliklərin sertifikasiya imtahanına inteqrasiya ilə bağlı olduğu barədə əvvəllər məlumat verilib: “Qəbul edilməlidir ki, imtahanların məzmununda və formatında mütəmadi dəyişikliklər həm də təhsildə gedən islahatlarla ayaqlaşmaq üçündür. Pedaqogika və metodika praktik elmlərdir və onların əsaslarını bilmək müəllimə işini səmərəli qurmaqda, daha “məhsuldar” olmaqda yardım edir. Bu elmlər sinif otağında, real şagirdlərlə iş zamanı üzə çıxan problemləri öyrənir, tədqiq edir, ümumiləşdirir və praktik tövsiyələr verir, həm də daim yenilənir. Bencamin Blumun tədqiqatları və taksonomiyası hərdən sosial şəbəkələrdə müəllimlərin istehza mənbəyinə çevrilir, bu sayaq ifadələr yazılır: “B.Blum taksonomiyası bizə nə verdi ki, K.Dvek nə versin?” Düşünən müəllim üçün Blum taksonomiyası imtahan vermək üçün əzbərləməli olduğu material deyil, öyrətmə prosesini düzgün qurmaq üçün etibarlı alətdir. Əgər müəllimlər pedaqogika və metodika elmlərinin əsaslarını düşünərək öyrənsə və tətbiq etsə, bu gün məktəblərdə olan problemlərin böyük hissəsi rahatlıqla aradan qalxar. MİQ və sertifikasiya imtahanlarında metodika üzrə sualların sayının artırılması bu məqsədi güdür”.

 

Sualların hazırlanması məsələsinə gəldikdə isə Cəsarət Valehov bildirib ki, suallar kollektiv əməyin məhsuludur: “Onların hazırlanmasında metodist alimlər, praktik müəllimlər iştirak edir. Bazaya daxil edilmiş suallar dəfələrlə müxtəlif ekspertlər tərəfindən təhlil edilir, üzərində düzəlişlər aparılır, analoq suallar hazırlanır. Hər il banka yeni suallar daxil edilir və belə sualların sayı minlərlədir. İmtahan sessiyasına düşəcək sualları isə verilmiş komandaya uyğun olaraq kompüter seçir və burada insan amili əsla yoxdur”.

 

Nazirlik sözçüsü qeyd edib ki, bu sualların hansı səriştələri ölçəcəyi barədə məlumat - “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” - cari ilin 28 fevral tarixində Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib: “Bu sənədlə tanış olmaq namizədlər üçün faydalıdır: sənəddə məzmun sahələri (hüquqi savadlılıq, fənn kurikulumunun tətbiqi, pedaqoji və psixoloji nəzəriyyələr), məzmunun tərkib hissələri (faktlar, anlayışlar, prinsiplər: qaydalar, xassələr, qanunlar; prosedurlar: çevirmələr, alqoritmlər, hesablamalar) göstərilib, sualların belə demək olarsa, çətinlik səviyyəsi nizamlanıb.  Cədvələ diqqət etsəniz, görəcəksiniz ki, burada 20 sualdan 4-ü “Xatırlamaq və anlamaq”, 12-si “Tətbiq etmək və təhlil etmək”, 4-ü “Dəyərləndirmək və yaratmaq” kateqoriyasına aiddir”.

 

MİQ müsabiqəsinə hazırlıq kurslarının rəhbərləri və müəllimlərinin “Sualı mən yazmışam” iddiasına qaldıqda, Valehovun dediyinə görə, bu, Təhsil Nazirliyi tərəfindən şərh ediləcək məsələ deyil: “Həmin şəxslərin bu çərçivəyə əsasən suallar hazırlaması, o sualların mütləq Təhsil Nazirliyinin sual bazasında olacağı anlamına gəlmir. Onlara inanıb-inanmamaq isə insanlardan məsələyə tənqidi yanaşma tələb edir”.

 

Ədəbiyyat siyahısı məsələsinə gəldikdə:

 

- “Hüquqi savadlılıq” hissəsi ilə bağlı bütün məsələlər təhsil qanunvericiliyi sənədlərində əks olunub ki, bu sənədlər də ictimaiyyət üçün açıqdır. Onların xüsusi külliyyatını yaratmağa hazırda ehtiyac yoxdur;

 

- “Fənn kurikulumunun tətbiqi” bölümü müəllim hazırlığı ilə məşğul olan ali və orta ixtisas məktəblərində 2010-cu ildən etibarən tədris edilir, bu barədə xeyli sayda məqalə və monoqrafiyalar var, müxtəlif nəşriyyatlar tərəfindən vəsaitlər hazırlanıb. Ali məktəb məzunu yaxşı bilir ki, eyni mövzu ətrafında nə qədər çox və müxtəlif elmi-metodik  ədəbiyyat oxuyarsa, məzmunu bir o qədər yaxşı və dərindən anlayar. Hətta, bir-birinə zidd olan mənbələr də düşünən şəxs üçün güclü öyrənmə mənbəyidir. Bununla belə, xüsusi olaraq qeyd edirik ki, imtahan suallarında ziddiyyətli məqamlara toxunulmur.

 

- “Pedaqoji və psixoloji nəzəriyyələr” ali məktəblərdə geniş tədris olunur, ən müasir nəzəriyyələri əks etdirən məqalə və hətta videomühazirə və öyrədici animasiya filmləri var. Onlarla ARTİ TİPİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür:

 

KEÇİD-1

 

- KEÇİD-2

 

Nazirlik rəsmi əlavə edib ki, xeyli sayda beynəlxalq mənbələr də var ki, müasir müəllim onlardan da istifadə etməyi bacarmalıdır. O, MİQ imtahanına hazırlaşan şəxslərə Nazirliyin tövsiyələrinin olduğunu da deyib: “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi ilə tanış olun. Təhsil qanunvericiliyi sənədlərini dərindən təhlil edin, öz fənninizin kurikulumunu öyrənin, özünüz üçün dərs icmalı hazırlayıb təhlil edin, məşhur pedaqoq və metodistlərin kitablarını qeydlər aparmaqla oxuyun, “Virtual məktəb”də təklif edilən mühazirə və seminarlara qoşulun”.

 

“Yuxarıda yazılanlara dönərək, bir daha qeyd edirik ki, MİQ müsabiqəsinin əsas qayəsi şagirdlərimizin marağını qorumaqdır. Bu maraq düşünən və düşünməyi öyrədən savadlı müəllimlərin seçilməsini tələb edir”, - deyə C.Valehov vurğulayıb.

Müəllif: Aləmdə Nəsib