Olqa Kovalkova: “Bütün demokratik qüvvələri və dəyişiklik tərəfdarlarını birləşməyə çağırırıq”
Belarus prezidentliyinə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyət tərəfindən ölkədən çıxarılıb. Onun Belarusu tərk etməsi seçkilər ərəfəsində saxlanılan siyasətçi Mariya Morozun azadlığa buraxılmasına imkan verib. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Tixanovskayanın köməkçisi Olqa Kovalkova deyib.
Onun sözlərinə görə, müxalif qüvvələrin bir hissəsi girov saxlanılmaqdadır.
“Svetlananın başqa bir seçimi yox idi. Sərbəst qalması və yaşaması vacibdir. Mariya Moroz ilə birlikdə ölkədən ayrıldılar”, - deyə Kovalkova söyləyib.
Tixanovskayanın köməkçisi əlavə edib ki, indi müxalifətin iki vəzifəsi var – Belarus xalqının seçimini qorumaq və qan tökülməsini dayandırmaq: “İndi vəziyyət kritikdir, hamımız üçün nə qədər çətin olsa da, zorakılıqdan imtina etməliyik. Qələbəmizi qanuni, zorakı olmayan üsullarla müdafiə etməliyik. Bütün demokratik qüvvələri və dəyişiklik tərəfdarlarını birləşməyə çağırırıq. Bu gün təcili məsləhətləşmələr aparacağıq və birgə hərəkətlər barədə razılığa gələcəyik”.
Əvvəlki xəbərlərdə qeyd olunurdu ki, Tixanovskaya təxminən üç saat saxlandığı Mərkəzi Seçki Komissiyasının binasını sərbəst tərk edib.
“Sonra Svetlana çıxdı. Vəkilinə bir qərar verdiyini söylədi və onunla vidalaşdı. Arxa qapıdan çıxarıldı. Baxmayaraq ki, o, hansı qərarı verdiyini açıqlamadı. Tixanovskaya ilə əlaqə saxladıq, təhlükəsiz yerdə olduğunu təsdiqlədi”, - deyə namizədin qərargahı açıqlamışdı.
Qeyd edək ki, Belarusda iki gündür ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan vətəndaşlarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında küçə toqquşması davam edir. “Exit poll”-lara və MSK-nın ilkin açıqlamasına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80 faizdən çox, müxalif namizəd Tixanovskaya isə 10 faizdən az səs toplayıb. Etirazçı kütlə də, müxalif namizəd də seçkilərin nəticəsini tanımır.
Tixanovskayanın bu gün mitinq edən kütlənin yanına gələcəyi gözlənilsə də, onun qərargahı buna lüzum olmadığı qərarını verib.
Belarusda toqquşmalar zamanı etirazçılara qarşı xüsusi texnikadan, su şırnaqlarından, flaş qumbaralardan və rezin güllələrdən istifadə olunur. Mitinqləri dağıtmaq üçün hərbi xüsusi təyinatlılar cəlb olunub. Rəsmi məlumatlara görə, ötən gecə 39 hüquq mühafizə orqanı işçisi və 50-dən çox mülki şəxs yaralanıb. İğtişaşlar zamanı həlak olanlar haqqında qeyri-rəsmi məlumatlar var.