Sulutəpənin çirkab suları içində üzən məhəlləsi - <font color=red> VİDEO</font>

Cəmiyyət

26.06.2020 - 17:06

“İnsanlar mikroblu suyun içindən keçərək, həyətdən evə girirlər”

 

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsinin problemləri bitmək bilmir. Qəsəbənin Ruslan Allahverdiyev küçəsi, döngə 15 ünvanında yaşayan sakinlər onlara həm fiziki, həm də maddi zərər verə biləcək təhlükə ilə üz-üzə qalıblar. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, ərazidən keçən çirkab sularının qarşısı  bir neçə il əvvəl tanımadıqları bir vətəndaşın ev tikməsi nəticəsində kəsilib. Bu səbəbdən də yağış yağanda və suların çoxaldığı vaxt, çirkab suları daşaraq küçələrə, evlərin zirzəmilərinə dolur.

 

“İnsanlar mikroblu suyun içindən keçərək, həyətdən evə girirlər. Bu nə dərəcədə düzgündür?”, - sakinlərdən biri şikayətlənir. “Yağış yağdı, bura olur bataqlıq, göl”, digər bir sakin söyləyir.

 

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, problem barədə “Azərsu” ASC-ə məlumat verilib. Məsul qurum isə həmin ərazidə işlərin mərhələli şəkildə görüləcəyini deyib.

 

“Axıntı sularının qarşısının alınması və kanalizasiya xətlərinin çəkilməsi məqsədilə Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi, döngə 15 ünvanında yaşayan sakinlərin şikayətilə bağlı tərəfimizdən “Azərsu”  ASC-ə müraciət olunub. Qurumun məsul şəxslərinin iştirakı ilə həmin ünvana baxış keçirilib və mərhələli bir şəkildə problemin aradan qaldırılacağı deyilib”, - Binəqədi İcra Hakimiyyətinin Baş məsləhətçisi Kənan Kərimov qeyd edib.

Müəllif: Ayna.az