Dövlətin kirayə mənzilləri hamı üçün əlçatan olmalıdır

Cəmiyyət

29.12.2019 - 12:06

Həkimlər Klinikalar SEO Xidməti

Müraciət şərtləri indiki şəkildə saxlanılsa, aztəminatlı ailələr üçün bir sıra çətinliklər yarada bilər

 

Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən çox olacaq. Məhz bunu nəzərə alan CESD, beyin mərkəzi olaraq kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzillərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr (qismən orta təbəqə) üçün bir sıra çətinliklər yarada bilər.

 

Şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.

 

Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalvasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib.

Vüqar Bayramov, deputat, iqtisadçı-ekspert