“Bizim ah-naləmizdir hər şənbə-bazar külək olub Bakıda əsən”

Cəmiyyət

30.06.2019 - 14:39

Bakı əhlindən, çimərlik işlədənlərdən səs çıxdı, amma məmurlardan səs çıxmadı

 

İqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” səhifəsində yay mövsümü, çimərlik problemi və qiymətlərlə bağlı maraqlı paylaşım edib. AYNA həmin paylaşımı təqdim edir:

Bakı əhli: “Yenə yay, yenə bazar günü küləkli hava, yenə çimərliklər boş qalır. Son illərin sınanmış hadisəsidir, şənbə-bazar günləri hava korlanır. Məncə, bizlərin - sevgilisi, nişanlısı, ailəsi ilə dəniz kənarına istirahətə gələndə bir çaynik çayı 15 manata, 0,5 litr suyu 3 manata alan, bunun üçün son qəpiyini ödəyən insanların ah-naləsi hər şənbə-bazar külək olub Bakıda əsir, çimərlik işlədənlərin gəlirinə təsir edir”.

 

Çimərlik işlədənlərdən cavab gəldi: “Əziz insanlar, çimərliklər, oradakı obyektlərin böyük əksəriyyəti məmurlarındır, ayda 10-30 min manat arası icarəyə verirlər. Daha betəri, hər gün gəlib-gedən qalstuklular dəstəsini də yola salmalısan, biz də çayı 3 manata, suyu 50 qəpiyə satmaq istəyərdik ki, daha çox müştəri qazanaq, amma icarə pulunu ödəmək üçün qul kimi, 24 saat işləyirik. Birdən sual versəniz ki, nə məcburuq, imtina edək, işləməyək, məntiqli sualdır. Amma bəs nə işlə məşğul olaq?! Məmləkətdə iş yeri kağız üzərində açılır, biz 3-4 ay zülm çəkib günə 5-10 manat qazanıb ailəmizi saxlamağa çalışırıq. Gəlin, əl çəkin bu ah-nalədən, qarğışdan, imkan verin, şənbə-bazar normal hava olsun – söz, biz də qiymətlərə əl gəzdirib bir az ucuzlaşdırarıq...”

 

Bakı əhlindən, çimərlik işlədənlərdən səs çıxdı, məmurlardan səs çıxmadı, onların cavabını eşitmədim ki, yazam...

Müəllif: Ayna.az