Sülhməramlıların “gözündən qaçan” minalar - “Terrora son!”

Aktual

16.12.2022 - 10:21

Deputat: “Rusiya sülhməramlıları sülhü yox, erməniləri qoruyur”

Təhlükəsizlik eksperti: “Azərbaycan qanunsuz erməni birləşmələrinin çıxarılması üçün vaxt verməlidir”

Etiraz aksiyasının iştirakçısı: “Birinci şüarımız “Ekoloji terrora son” idi, növbəti şüarımız isə...”

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub. Bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.

Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Eyni zamanda, dekabrın 14-ü Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 15-i səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Məlum olub ki, Kəlbəcərdə soydaşlarımızın şəhid olmasına və yaralanmasına səbəb olan mina 2021-2022-ci il istehsalıdır. Bu, o deməkdir ki, həmin minalar hazırda Azərbaycan vətəndaş cəmiyyəti insitutlarının etiraz aksiyası keçirdiyi və Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi ərazilər vasitəsilə daşınıb. İddialara görə, azərbaycanlı fəalların keçirdiyi aksiya ilə Ermənistanın son təxribatları arasında əlaqələr mövcuddur və ölkəmizə qarşı hücumlar eyni mərkəzdən idarə olunur.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Rusiya sülhməramlı kontingenti üzərinə düşən missiyanı yerinə yetirmir: “Hansı ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda onların hansı məqsədlə əraziyə gətirilməsi aydın şəkildə təsbit olunub. Eyni zamanda, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi mövcuddur. Rusiya həmin bəyannamənin də müddəalarını pozmaqda davam edir”.

“Dekabrın 9-da Qarabağ iqtisadi rayonunda yerləşən və hələ də işğalçı Ermənistanın şirkətləri tərəfindən qanunsuz şəkildə istismar olunan faydalı qazıntı mədənlərində rəsmi Bakının göndərdiyi nümayəndələrin monitorinq aparmasına ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingenti tərəfindən maneə törədilməsi bunun bariz nümunəsidir. Rusiya sülhməramlı kontingentinin gözünün qarşısında ərazilərimiz ekoloji terrora məruz qalır. Onlar isə buna göz yumurlar. Görünən odur ki, sülhməramlılar əlsində sülhü yox, erməniləri qoruyurlar”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, Rusiya minaların basdırılması məsələsinə aydınlıq gətirməlidir: “Bu minalar tarixi Zəfərdən sonra bu ərazilərə basdırılıb. Nəticədə soydaşlarımız şəhid olur, ağır xəsarətlərə məruz qalırlar. Bu minaları kim və hansı məqsədlər üçün bu ərazilərə daşıyıb? Rusiya sülhməramlı kontingenti hara baxıb? Onlar ya bu prosesin iştirakçısı olublar, ya da bunun baş verməsinə göz yumublar. Hər iki halda məsuliyyət daşıyırlar. Rəsmi Moskva bu məsələyə aydınlıq gətirməlidir. Ermənistan atəşkəs rejimini pozur və Azərbaycanı təxribatlara çəkir. Lakin anlamır ki, onun nə hərbi, nə siyasi, nə də iqtisadi gücü var ki, ölkəmizin qarşısında duruş gətirsin. Heç bir gün də duruş gətirə bilməzlər”.

“Görünən odur ki, onlar “Dəmir yumruq” üçün darıxıblar və yenidən onu başları üzərində görmək istəyirlər. Azərbaycana qarşı son təxribatlar eyni mərkəzdən idarə olunur və məqsəd ölkəmizi zəiflətmək və Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Heç şübhəsiz ki, buna nail olmayacaqlar”, - deyə Məmədov vurğulayıb.

Son olayları AYNA-ya şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, Rusiya sülhməramlı kontingenti Laçın yolu ilə Qarabağa daşınmaların həyata keçirilməsinə şərait yaradır: “Nəinki şərait yaradır, özü də bu prosesdə bilavasitə iştirak edir. Bundan öncə Laçın yolu ilə Qarabağa 14 nəfər İran vətəndaşının qanunsuz buraxılması, Azərbaycan ərazilərində ekoloji terrora yol verilməsi, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz şəkildə istismar olunması, ermənilərin ərazilərə yeni minalar basdırması bunun bariz nümunəsidir. Əks halda bütün bunlar baş verməzdi”.

“Hansı ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr üçtəırəfli bəyanatı ilə üzərinə öhdəlik götürüb ki, ərazidə sülhü təmin edəcək. Söhbət hansı sülhdən gedir? Onlar sülhdən başqa hər şeylə məşğuldurlar. Min cür hoqqabazlıq edirlər. Azərbaycanlı fəallar buna etiraz etməkdə haqlıdırlar və bu aksiya həm Ermənistana, həm Rusiyaya, həm də Ermənistanın xarici havadarlarına layiqli cavabdır”, - deyə müsahibimiz söyləyib.

Onun fikrincə, Azərbaycan qanunsuz erməni birləşmələrinin çıxarılması üçün vaxt verməlidir: “Hesab edirəm ki, 2023-cü ilin dekabr ayının 31-nə qədər zaman tanınmalıdır. Qeyd olunan vaxtda erməni silahlı qüvvələri tam çıxarılmadığı halda Azərbaycan 10 noyabr bəyanatını da əsas gətirərək hərbi güc tətbiq edəcəyi barədə Rusiya sülhməramlılarını xəbərdar etməlidir”.

“Rusiya sülhməramlıların nəzarət etdiyi Laçın yolu ilə qanunsuz yüklərin daşınması, başqa ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmasını, qarşıdurma və gərginlik yaradan ideoloji diversantların bu yoldan keçərək Xankəndidə mitinq və digər aksiyaların keçirilməsinə mütəmadi şərait yaradılmasını əsas gətirərək Azərbaycan və Ermənistan dövlət sərhədinin Laçın yolunda Rusiya sülhməramlıları ilə birlikdə sərhəd nəzarət məntəqəsi və gömrük postu yaradılacağı ilə bağlı aydın mövqe ortaya qoyulmalıdır”, - deyə İsmayıl söyləyib.

Qarabağda azərbaycanlı fəalların keçirdiyi etiraz aksiyasında iştirak edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Kəlbəcərdə basdırılan minaların 2021-2022-ci il istehsalı olması aksiya iştirakçılarını qəzəbləndirib: “Bu aksiya ekoloji terrora son qoyulması tələbi ilə başlasa da, artıq növbəti şüar tərəfimizdən irəli sürülüb. Biz Rusiya sülhməramlı kontingentindən tələb edirik ki, mina terroruna da son qoysunlar. Bizim qardaşlarımız şəhid olur, sağlamlığını itirirlər. Əgər sülhməramlılar doğrudan da sülhü təmin etmək niyyətindədirsə, Azərbaycan ərazilərində sülhü qorusunlar. Daha təxribatla məşğul olub, ermənilərin ərazilərə yeni minalar basdırmasına şərait yaratmasınlar”.

“Bu, həm erməni seperatçılarının, həm də rus təxribatçılarının simasını bir daha bütün dünyaya nümayiş etdirir. Allah mina terrorunun qurbanlarına rəhmət, onların qətlinə səbəb olanlara isə lənət eləsin! Onların qanı yerdə qalmayacaq. Sona qədər mübarizəmizi davam etdirəcək və Rusiya sülhməramlılarından üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini tələb edəcəyik”, - deyə Heydərli bildirib.

Əlavə edib ki, aksiya davam edir və iştirakçıların sayı sürətlə çoxalır: “Bəzi aksiya iştirakçıları ilk günlərdən burada olsalar da, geri qayıtmaq istəmirlər. Biz haqlı tələblərlə Rusiya sülhməramlı kontingentini ədalətə dəvət edirik. Onlar təxribatçı fəaliyyətə son qoymalıdırlar. Ərazilərimizdə ekoloji terror baş verir, filiz yataqlarımız ermənilər tərəfindən qanunsuz olaraq istismar edilir, torpaqlarımıza minalar basdırılır. Məqsəd bəllidir – daha çox azərbaycanlını qanına qəltan etmək, daha çox Azərbaycan sərvətlərini qəsb etmək. Amma buna nail olmayacaqlar. Necə ki, hər iki Qarabağ müharibəsində şəhid olan, Xocalıda soyqırıma məruz qalan bacı və qardaşlarımızın qisası alındı, mina qurbanı olan şəhidlərimizin də qisası alınacaq. Ermənilər xarici havadarlarına güvənib təxribatlar törədirlər. Ancaq unudurlar ki, Azərbaycan xalqı nə ermənilərin, nə də onların havadarlarının zülmünə bir daha boyun əyəcək. Sona qədər öz haqqımızı müdafiə edəcəyik”.

Müəllif: Azər Niftiyev