Sabah səhərdən yağıntıların kəsilməsi gözlənilir

Aktual

23.08.2020 - 19:46

Umayra Tağıyeva: “Xəzər dənizində dalğanın hündürlüyü 5,3 metrə qədər yüksəlib”

 

Bu ilin avqust ayı hava sürprizləri ilə bol oldu. Bunlardan biri də Şahdağa 11 santimetr hündürlüyündə qarın yağmasıdır. 2009-cu ildən aparılan müşahidələrə görə, burada belə hadisə ilk dəfədir qeydə alınır. Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunub. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

Onun sözlərinə görə, ötən gecə ərzində respublikanın bir sıra rayonlarına düşən yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarına yaxın olub.

 

“Bəzi rayonlarda, xüsusən də Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, eyni zamanda, paytaxtda düşən yağıntının miqdarı aylıq normanı ötüb. Güclü külək əsasən respublikanın Kür vadisi rayonlarında müşahidə olunub. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə çatıb. Xəzər dənizində dalğanın hündürlüyü 5,3 metrə qədər yüksəlib. Respublikanın rayonlarında gün ərzində yağıntılı hava şəraiti fasilələrlə davam edəcək. Avqustun 24-ü səhər saatlarından etibarən yağıntıların kəsilməsi gözlənilir”, - deyə Tağıyeva bildirib.

Müəllif: Ayna.az