Keş Patel bu payız Rusiyaya səfər etməyi planlaşdırır
ABŞ Federal Təhqiqat Bürosunun direktoru Keş Patel bu payız Rusiyaya səfər etməyi planlaşdırır. Səfər 14-15 oktyabr tarixlərinə planlaşdırılıb: FTB direktoru Moskva və Sankt-Peterburqa səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə məsələ ilə tanış olan ABŞ rəsmisi "Politico"ya bildirib.
Patelin Rusiya Prezidenti Vladimir Putin və ya onun köməkçiləri ilə görüşüb-görüşməyəcəyi və ya hansı məsələlərin müzakirə olunacağı hələlik məlum deyil.
Əgər səfər baş tutarsa, bu, FTB direktorunun 13 ildə Rusiyaya ilk səfəri olacaq. Səfər Ukraynada davam edən müharibə və ABŞ Konqresində Moskvaya qarşı sərt yeni sanksiyalar barədə müzakirələr fonunda hazırlanır.
Rusiyaya səfər edən sonuncu FTB direktoru 2013-cü ildə Robert Mueller olub. Daha sonra o Donald Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələri və 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı istintaqa rəhbərlik edib. Patel özü bu istintaqı sərt tənqid edərək onu "Russiagate saxtakarlığı" adlandırıb.