Sülhə gedən yolları bağlayan insan cəsədləri…

Dünya

08.06.2022 - 22:05

Qütbləşmələrdən böyük qənimətlər əldə edən qüvvələr sülhə gedən yolları cəsədlərlə doldurur

Gücündən məsuliyyətsizcəsinə istifadə edən və strateji düşüncəyə sahib olmayan qlobal oyunçular artıq heç kimi dinləmir. Özləri çalıb, özləri oynayırlar. Musiqi bitənə qədər rəqsə davam edirlər. Musiqi çoxdan bitmir olsa belə, fərqinə varmırlar.

“Soyuq müharibə” bitdiyində tarixin sonunun gəldiyinə, divarlar yıxıldığında sülhün gəldiyinə inanan geniş kütlələr hər gün yeni bir fəlakət xəbəri ilə oyanırlar.

Sülhpərvər söz-söhbətin yerini yeni savaş nidalarının doldurmasının bu qədər tez baş verəcəyi təxmin edilmirdi. “Primakov doktrinası” ilə başlayan və Şanxay Əməkdaşlıq Təşkilatı ilə davam edən bu prosesə ümidlə yanaşılırdı.

Putin 10 fevral 2007-ci il tarixində NATO Təhlükəsizlik Konfransında çox sərt bir çıxış etmiş və gələcəkdə gözlənilən böyük təhlükələr barədə xəbərdarlıq etmişdi. Və bu açıqlamaları vermişdi

- Təkqütblü dünya nədir? Bunu necə əsaslandırırsınız əsaslandırın, nəticə etibarilə tək forma, tək düzən, tək güc mərkəzi və tək hegemon anlamına gəlir;

- Bu durum sadəcə sistemin içindəkilər üçün deyil, eyni zamanda hegemonluğu əlində tutanların özləri üçün də ölümcüldür, çünki onu daxildən yıxar;

- Rusiya olaraq bizə kimlərsə daim demokratiya öyrədir. Amma bizə demokratiya öyrədənlərin özləri  öyrənmək istəmirlər;

- Təkqütblü dünya qəbuledilməz və mümkünsüzdür. Tək liderliyin mövcudluğu hərbi, siyasi, iqtisadi qaynaqların qeyri-kafi qalacağı demək deyil. Əsas olan modelin özünün qüsurlu olmasıdır. Çünki kökündə modern sivilizasiya üçün əxlaqi bir təməl yoxdur və ola da bilməz;

- Təktərəfli və əksəriyyəti qeyri-qanuni olan hərəkətlər heç bir problemə çarə deyil. Bu vəziyyət bəşəri faciələrə səbəb olur və yeni münaqişə nöqtələri yaradır.

Beləliklə, o gündən bu günə nəzər salsaq, nə müharibələr bitdi, nə regional toqquşmalar, nə də terror. Putin o zaman demişdi ki, “Bu toqquşmalarda ölən və itkin düşənlərin sayı əvvəlkilərdən daha çoxdur”. Və bu gün Kreml rəhbəri özü həmin fikirlərinin tam əksini həyata keçirir.

ABŞ və Qərb ölkələrinin NATO-nu genişləndirmə cəhdlərini ölkəsi üçün təhlükə olaraq görür və çıxış yolu kimi də Ukraynaya qarşı müharibəyə başlamağı görür.

Finlandiya və İsveçin də ANTO-ya üzv olacağı halında Putin daha hansı ağlasığmaz müharibə taktikalarına əl atacağını kimsə təxmin edə bilməz. Eyni zamanda, ABŞ, NATO və Qərbin buna necə bir qarşılıq verəcəyi də proqnozlaşdırılan deyil.

Günümüzün reallığı isə belədir: qütbləşmələrdən böyük qənimətlər əldə edən qüvvələr sülhə gedən yolları insanların cəsədləri ilə doldurur…

Müəllif: Mehmet Soysal

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli