Sığorta şirkətləri öz başlarına gələcəklərdən sığortalı deyil

İqtisadiyyat

12.01.2021 - 23:14

İlkin İbrahimov: “Daha zəif sığorta şirkətləri ilə daha güclülər birləşərək, yeni qaydalarla fəaliyyət göstərə bilər”

 

Bugünlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və "AXA MBask" Sığorta Şirkəti ASC-lərin lisenziyaları ləğv olundu. Bununla da Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 22-dən 20-ə düşdü.

 

Bu dönəmdə belə bir qərarın verilməsi nə ilə izah olunur? 2021-ci ildə eyni tendesiya davam edə bilərmi? Hazırda 20 sığorta şirkəti qalıb və bundan sonra da ləğv olunacağı gözlənilən sığorta şirkətləri varmı?

İlkin İbrahimov: Həmin sığorta şirkətlərinin adını bir-bir qeyd edəcəyəm

Vəziyyəti AYNA-ya şərh edən sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə, sözügedən hər iki sığorta şirkətinin səhmdarlarının ümumi qərarı və xahişi əsasında Mərkəzi Bank bu məsələyə baxıb: “Lakin qeyd etdiyimiz kimi, əvvəl də həm "Amrah Sığorta", həm də “AXA MBask" bununla bağlı 2022-ci il üçün öz səhmdarlarına və kreditorlarına müraciət edib. Və özləri könüllü şəkildə sığorta şirkətlərinin ləğvi ilə bağlı səhmdarların qərarını açıqlayıb”.

 

“Eynilə “MBask” şirkəti də 100 faiz "AXA MBask" şirkətinin bir qolu olaraq fəaliyyət göstərirdi və bununla bağlı da onların mərkəzi aparatları bu qərarları qəbul edib ki, dünyanın bir çox ölkələrində sığorta şirkətlərinin filiallarını ləğv edirlər. Eyni zamanda, ölkəmizdə də “MBask" şirkəti fəaliyyət göstərirdi və bununla bağlı da onlar bu qərarı qəbul ediblər. Yekun olaraq bildirmək istəyərdim ki, Mərkəzi Bank bu xahişlərlə balı, nəzarətedici orqan olduğuna görə, yekun qərar verib, onların könüllü ərizələrinə baxılıb və müsbət qərarlar qəbul olun”, - ekspert bildirib.

 

İbrahimov qeyd edib ki, dünya təcrübəsində lisenziyaları ləğv olunmuş sığorta şirkələrinin sonradan müştərək fəaliyyət göstərməsi var: “Bu iki sığorta şirkətindən qabaq “Standart” Sığorta şirkəti də ləğv olunmuşdu. Lakin onların ləğv olunması Mərkəzi Bankın qərarı ilə olmuşdu. Bu məsələrlə bağlı eyni ilə lisenziyası ləğv olunmuş sığorta şirkətlərinin sonradan birləşərək fəaliyyət göstərməsi dünya təcrübəsində də var”.

 

“Bu məsələ könüllü olduğundan, ölkəmizdə daha zəif sığorta şirkətləri ilə daha güclü sığorta şirkətlərinin birləşərək bu məsələdə yeni qaydalarla işləmə mexanizmini hazırlaya bilər. Hələ ki, bu məsələdə bir yenilik yoxdur. Amma ümid edək ki, 2021-ci ildə bu məsələdə sığorta şirkətləri daha güclü olacaq və onlar müstəqil şəkildə öz fəaliyyətlərini davam etdirəcək”, - müsahibimiz vurğulayıb.

Müəllif: Ülviyyə Şahin