Sərtləşən qanunlar, informasiya məkanına soxulan İran - Deputatlar etiraz etdilər

Aktual

09.12.2022 - 21:32

“Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir”

“Cərimələr, rüsumlar artırılır, dövlət orqanlarına səlahiyyətlər verilir ki, öz xidmətlərinə görə vətəndaşlara rüsum təyin eləsin. Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik”

Milli Məclisin bu gün keçirilən iclasında “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklə radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi halları müəyyənləşib. Hazırda qüvvədə olan qanunda radiotezliklərin istifadə üçün ayrılmasına zaman məhdudiyyəti nəzərdə tutulmayıb.

Dəyişikliklə radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi halları artırılır. Beləliklə, aşağıdakı hallarda radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək:

- Telekommunikasiya xidmətinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellüar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

- Radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

- radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdiriləcək. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması istismar edilməsi qadağandır.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.

Deputatdan narazılıq: “Belə vəziyyətdə adam utanır”

Müzakirələr zamanı deputatlar layihə ilə bağlı fikirlərini səsləndirib, təkliflər veriblər. Deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə çox bahadır: “Dələduzlar bu vəziyyətdən istifadə edib telefonu baha qiymət satırlar. Hesab edirəm ki, bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır. Qoy 200 dollar fərq olsun, ancaq 500 dollar yox”.

“Məncə, mobil telefonların qeydiyyata alınması üçün 150 manatlıq rüsumu da ləğv etmək lazımdır. İstanbul hava limanından gələrkən soydaşlarımız xahiş edirlər ki, hansısa mobil telefonu Bakıya gətirsinlər. Belə vəziyyətdə adam utanır. Hesab edirəm ki, bu məsələləri nəzərə almaq lazımdır”, - Həmzəyev vurğulayıb.

“İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır”

Deputat Musa Qasımlı isə İran radio və televiziyalarının Azərbaycanın informasiya məkanına daxil olmasından gileylənib və bunun qarşısının alınmalı olduğunu söyləyib. Millət vəkili qeyd edib ki, Kür çayını keçəndən sonra İran televiziya və radioları informasiya məkanımıza daxil olur: “İranın radio və televiziyalarının bizim informasiya məkanına soxulmasının qarşısı alınmalıdır. Yardımlının sərhəd kəndlərinə gedəndə mobil telefona “İran İslam Respublikasına xoş gəlmisiniz” mesajı gəlir. Bu, Azərbaycan qanunlarına ziddir və qarşısı alınmalıdır”, - millət vəkili əlavə edib.

M.Qasımlı xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə elektron hökumətin yaradılması sahəsində inqilabi işlər görüb: “ASAN Xidmət, DOST Mərkəzi və digər qurumları buna misal göstərmək olar. Bu sahələrdə vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərilir. Düşünürəm ki, ucqar dağ kəndlərində internetin keyfiyyətinə də diqqət yetirilməlidir. Bunu edə bilməyən, amma lisenziyası olan təşkilatlar da sıradan çıxmalıdır”.

Deputat narazılıq etdi, spiker dəstəklədi: ““Qüdrət müəllim deyir ki, biz daha da sərt olaq”

Deputat Qüdrət Həsənquliyev isə qanunlara dəyişikliklər zamanı cərimələrin artırılmasından şikayətlənib. Millət vəkilinin sözlərinə görə, son zamanlar qanunların çoxuna əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar əksini tapır: “Kiçik araşdırma aparılsa, görərik ki, cəzalar ancaq sərtləşdirilir. Bəzən əsaslandırmadan cəzaları niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım var ki? Bu, nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır, dövlət orqanlarına səlahiyyətlər verilir ki, öz xidmətlərinə görə vətəndaşlara rüsum təyin eləsin. Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik. Yəni bu tendensiya görünən, hiss olunandır. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə liberallaşsın”.

“Daha bir narahatedici məqam var. Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyir. Amma bir deputat məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, əgər iddiaçı haqsızdırsa, niyə qərar qəbul etmirsən, illərlə, aylarla təxirə salırsan, keçir şantaja və bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına bunu deyəndə cavab verirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma onlar tərəfindən gələn qanunlara mən ciddi müqavimətimizi görmürəm. Gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik”, - Həsənquliyev etirazını bildirib.

Spiker Sahibə Qafarova isə deputata cavabında deyib ki, bütün qanun layihələri çox ciddi müzakirələrdən keçir: “Qüdrət müəllim deyir ki, biz daha da sərt olaq, Milli Məclis olaraq qanunların müzakirəsində öz qüvvəmizi göstərək. Düşünürəm ki, çıxışda məntiq var”.

“Demirəm ki, bu iş mənə tapşırsınlar, işi bilənə versinlər, mütəxəssislər toplaşsın”

“Bakıda Araz radiostansiyası fəaliyyət göstərirdi. Gedib Kremlin yanında oturub onu dinləyə bilirdin. Hər yerdə bu radionu dinləmək mümkün idi. İndi texnika, texnologiya inkişaf edib, amma problem qalır. Bu məsələ həllini tapmalıdır. Müasir texnologiyanın inkişaf etdiyi dövrdə bizim hava məkanımıza asanlıqla daxil olunmamalıdır. Bu məsuliyyətsizlikdən doğur”. Bu sözləri isə deputat Sabir Rüstəmxanlı deyib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidentinin xaricdə yaşayan soydaşlarımzla bağlı məlum və məşhur çıxışından sonra burada da müəyyən məsələlər səslənir: “Mən hesab edirəm ki, qaldırılan məsələlər həll edilməlidir. Bizim ölkəmizdə yaşayan vətəndaşlarımızdan dəfələrlə çox soydaşımız xaricdə, müxtəlif ölkələrdə yaşayır. Onların hamısında məktəb açmaq mümkün deyil. Amma elə bir kanal açmaq olar ki, Azərbaycan dili, ədəbiyyatı, tarixindən danışılsın. Demirəm ki, bu iş mənə tapşırsınlar, işi bilənə versinlər, mütəxəssislər toplaşsın. Bu televizya səhərdən axşama dərs keçsin. Bu olacaq qlobal Azərbaycan məktəbi...”.

“Düşünürəm ki, qanun yaradıcılığı məsələsinə də diqqət yetirilməsi vacibdir. Məsələn, İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bu yana 146 dəyişiklik edilib. Çoxu da rüsum və cərimələrin artırılması ilə bağlıdır. Mən anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Mən bu günkü dəyişiklikləri nəzərdə tutmuram, ümumi deyirəm. Sadəcə qanunvericilik yaradıcılığı, qanunu və onun strayteji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - Rüstəmxanlı fikrini tamamlayıb.

Müzakirələrdən sonra qanunda dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Müəllif: Anar Bayramoğlu