Sərhəddə yeni missiya və Rusiya dominantlığına son: Kreml Paşinyanı cəzalandıracaq

Siyasət

10.10.2022 - 19:18

Mərkəz rəhbəri: “Ola bilsin ki, yaxınlarda Paşinyanın devrilməsi üçün Kremldən düyməyə basılacaq”

Ermənistan-Azərbaycan sərhədinə Avropa İttifaqının (Aİ) mülki missiyası gəlir. Buna Ermənistan razılıq verib, Azərbaycan isə etiraz etməyib. Belə ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda deyilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Mülki missiya ilə bağlı müəyyən suallar mövcuddur. Bir çox analitiklər bildirirlər ki, bu, bölgəyə yeni gücün daxil olması anlamına gəlir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, bu missiyanın sərhədə göndərilməsinin və ya gəlişinin iki səbəbi var:  

- Birinisi, Paşinyan artıq Ermənistanın təhlükəsizliyinin təmininim Rusiyanın çətiri altında görmür. Ona görə də rəsmi İrəvan ya Fransanınm, ya da istənilən beynəlxalq hərbi müşahidəçilərin sərhəddə dayanmasını, proseslərə nəzarət etməsini istəyirdi. Buna Fransanın razılığı da vardı. Bu ölkənin müdafiə naziri bəyan etmişdi ki, onların müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədinə gəlməsi, monitorinqlər aparmasına hazırdırlar. Bu yöndə razılaşma var idi.

İkincisi, ABŞ və Fransa bölgəyə gəlməyə can atırdı. Bunu çoxdan istəyirdilər, nail ola bildilər. Onlar bununla Ermənistanı Rusiyanın təhlükəsizlik qarantlığı altından çıxarmaq niyyətindədirlər.

- Düzdür, missiya Azərbaycan ərazisində fəaliyyət göstərməyəcək, amma hər halda bölgəyə yeni qüvvələr gəlir. Eyni zamanda, Ermənistan bunu istəyirdi. Azərbaycanın buna etiraz etməməsi maraqlı faktdır...

- Azərbaycan ona görə razı oldu ki, bu, mülki missiyadır. Bununla Bakı regiona hərbi missiyanın gəlişinin qarşısını ala bildi. İkincisi, missiyanın yalnız Ermənistan ərazisində monitorinq aparılmasına etiraz etmədi ki, bu, dolayısı ilə Rusiya ilə Ermənistanı qarşı-qarşıya qoymaq xarakteri daşıyır. Bir müddət öndə Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədləri məsələsinin həllində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yardımçı olacağına işarə etmişdi. Amma Paşinyan bu fikrin tamamilə əksinə addım atdı, Rusiyaya alternativ qüvvələrin bölgəyə gəlişini təmin etdi. Bununla həm də münaqişədə yeganə moderator olan Rusiyanın həllediciliyi itmiş oldu. Artıq Qərb təkcə danışıqlarda iştirakçı deyil, həm də sərhədlərin müəyyənləşməsi prosesində fiziki iştirak edəcək.

- Sərhədlərin müəyyənləşməsində mülki missiyanın vəzifəsi nə olacaq?

- Onların əsas missiyası sərhəddə baş verən əvvəlki toqquşmaları araşdırmaq, eyni zamanda yeni toqquşmaların qarşısını almaqdır. İki ay ərzində bölgədə olacaqlar ki, bu zaman məhdudiyyətini də Azərbaycan qoyub. Azərbaycan istəmir ki, missiya müddəti uzun olmasın. Çünki Azərbaycan iki ay müddətində delimitasiya ilə bağlı konkret təkliflərin hazırlanmasını istəyir.

Eyni zamanda, missiya monitorinq apardığı müddətdə sərhəddə Ermənistanın təxribatlarının qarşısı alınmış olacaq. Əsas məqsədlərdən biri də budur ki, hansısa qüvvələr təxribatlarla Qərbin yaratdığı prosesi poza bilməsin.

- Amma bir məsələ var: məlumdur ki, missiya Fransadan olacaq. Fransanın isə Ermənistana da, Azərbaycana da münasibəti bəllidir. Sabah Ermənistan yenidən təxribat törətsə, missiya bunda Azərbaycanı günahlandırmayacaq ki? Yeri gəlmişkən, iki gündür yenidən düşmən sərhəddə mövqelərimizi atəşə tutur...

- Əslində bu ehtimal var. Amma burada əsas məqsəd bu deyil. Çünki Azərbaycanı ittiham etmək 44 günlük müharibənin nəticələrini dəyişmir. Eyni zamanda, hansısa missiyanın bəyanatı Azərbaycanı tutduğu strateji mövqelərdən geri çəkilməyə vadar edə bilməz. Bunu Qərb anlayır. Ona görə də, hesab edirəm ki, əsas məqsəd prosesdə Rusiyanın dominantlığına son qoymaq, bölgəyə gəlməkdir.

Qaldı ki, Ermənistan silahlı qüvvlərinin mövqelərinin atəşə tutulması, bu, yüngül silahlarla xırda təxribatlardır. Bu, diqqəti regionda saxlamaq üçün Ermənistanın oyunudur. Genişmiqyaslı təxribata çevrilməsinin qarşısını məhz mülki missiyanın alacağı gözlənilir. Hələ ki, missiya bölgəyə gəlməyib. Onlar gələndən sonra bu cür atışmaların da qarşısı alınacaq.

- Missiyanın gəlişinə Rusiyanın reaksiyası necə olacaq?

- Əlbəttə, pis. Rusiyadan hansısa bəyanatın gəlməməsinə bu dövlətin Ukraynada necə deyərlər, başının qarışıq olması ilə bağlıdır. Krım körpüsünün partlaması Kremlin diqqətlərini bir qədər yayındırıb. Amma çox keçməz ki, Rusiya prosesdə öz ağırlığını göstərmək istəyəcək. Ona görə də həm Ermənistan-Azərbaycan sərhədində, həm də ki, Qarabağda ciddi hərbi təxribatların törədilməsi gözləniləndir. Hesab edirəm ki, Qərb missiyasının sərhəddə olması müəyyən mənada Rusiya üçün çəkindirici rol oynaya bilər.

- Qərb missiyasını bölgəyə gətirən Ermənistanı, Paşinyan hakimiyyətini Rusiya cəzalandıracaqmı?

- Təbii ki, cəzalandıracaq. Artıq bunun işartıları görünməkdədir. Məsələn, İrəvandakı Kiyev körpüsünün üzərində Putinin böyük portreti asıldı. Hər kəs anlayır ki, bunu Paşinyan hökuməti etməyib, revanşistlər edib. Bu, Ermənistandakı Rusiyayönümlü “beşinci kolon”un Kremlə çağırışıdır. Revanşistlər istəyirlər ki, Rusiya onları dəstəkləsin ki, Paşinyanı devirə bilsinlər.

- Yəni ki, cevriliş gözləniləndir...

- Təbii ki, gözləniləndir. Paşinyanın devrilməsi mümkün və ciddidir. Ermənistanda vətəndaş müharibəsinin baş verməsi də qaçılmaz ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan ordusunun yarısından çoxu Rusiyaya bağlı zabit heyətindən ibarətdir. Ermənistanda Rusiyanın təsir imkanları kifayət qədərdir və bundan Kreml məkrli planları üçün hər an istifadə edə bilər.

Eyni zamanda, Qarabağdakı separatçılarda da hərəkətlənmə var. Bu gün Ermənistandakı revanşistlərlə Qarabağdakı separatçıların əlaqələri və hədəfləri eynidir – Paşinyanı devirmək. Erməni əsilli rusiyalı milyarder Ruben vardanyanın Qarabağa göndərilməsi elə-belə deyildi. Ola bilsin ki, yaxınlarda Paşinyanın devrilməsi üçün Kremldən düyməyə basılacaq. Sadəcə Ukrayna hadisələrinə görə bu proses ləngiyir.  

Müəllif: Anar Bayramoğlu