Səflərimizi sıxlaşdırmaq mümkün deyil, bəs nə edirik – <font color=red> Onlayn dini xidmət</font>

Cəmiyyət

26.12.2020 - 15:11

Pandemiya dövründə dini icmalar necə fəaliyyət göstərir, alternativ platformalar tapılıbmı?

 

Artıq 1 ilə yaxındır ki, Azərbaycan da daxil olmaqla, bütün dünyanı cənginə almış yeni növ koronavirusun (COVID-19) çarəsi hələ də tapılmayıb və kütləvi yayılan bu xəstəlik milyonlarla insanın xəstələnməsinə, yüzminlərlə insanın vəfat etməsinə səbəb olub. Virusun ümumi çarəsi tapılmadığı üçün, bu müddət ərzində əksər sektorlar fəaliyyətini dayandırıb, bəziləri isə məsafəli iş rejiminə keçib. Daha dəqiq desək, canlı ünsiyyəti məhdudlaşdırmaq üçün, əsasən virtual fəaliyyət rejimi ön plana keçib və əksər sahələr virtual şəkildə fəaliyyət göstərməyə başlayıb.

 

Həmçinin, koronavirusun ikinci dalğasının yayılması səbəbi ilə bu gün də bəzi sahələr məsafəli iş rejimi ilə fəaliyyətlərini davam etdirir. Məsələn, orta və ali təhsil müəssisələri distant təhsilə keçib, restoran, kafe, geyim mağazaları və digər bu kimi satış sahələri onlayn çatdırılma ilə işləyir, həmçinin fəaliyyəti internet-onlayn mümkün olan sahələr də bu formada fəaliyyət göstərir.

 

Azərbaycanda fəaliyyəti məhdudlaşan sahələrdən biri də dini icmalar, məscidlər və digər ibadət ocaqlarıdır. Belə ki, pandemiyanın yayılmağa başladığı gündən etibarən, dini icmalar və məscidlərin fəaliyyətinə qoyulan qadağa hələ də davam edir. Belə ki, müxtəlif müsəlman ölkələrində virusun yayılma dinamikasının artıb-azalmasına görə, məscid və dini icmaların fəaliyyətinə zaman-zaman icazə verilsə də, ölkəmizdə bu tendensiyanı hələlik müşahidə etmirik.

 

Nəzərə alsaq ki, dini icmaların fəaliyyəti tək ibadətlə məhdudlaşmır, onların fəaliyyət sahələrinə bir çox digər işlər də aiddir, belə olan halda Azərbaycanda fəaliyyət göstərən dini icmalar və qurumlar pandemiya dövründə necə fəaliyyət göstərir? Daha dəqiq desək, bu sahədə canlı ünsiyyət, birbaşa toplaşmaq qadağan olunduğu üçün icma rəhbərləri, məscid axund və imamları fikirlərini bölüşmək, fəaliyyət göstərmək üçün hansısa platforma müəyyənləşdiriblərmi?

 

AYNA mövzu ilə əlaqədar olaraq icma sədrləri və din xadimlərinin fikirlərini öyrənib.

 

Hacı Osman məscidi dini icmasının sədri Vasif Əhmədov:

 

“Bu gün şəhid dəfnlərində iştirak edirik, qazilərlə görüşürk, gücümüz çatan qədər topladığımız ianələr hesabına ehtiyacı olanlara yardım edirik. Yəni, hazırda fəaliyyətimiz, əsasən bu istiqamətdədir. Çünki bir sıra məhdudiyyətlərimiz var. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin virtual fəaliyyət göstərməyimizlə bağlı proqramları var. Yəqin ki, yaxın zamanlarda onlayn platformalar üzrə fəaliyyətimizi davam etdirəcəyik. Bu istiqamətdə də müəyyən işlər gedir”.

 

Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov:

 

“Hazırda din sahəsi təcrid olunub. Sanki, dini faəliyyət cəmiyyətə bir yamaq imiş. Bunun da səbəbi odur ki, maddiyyət və dünyəvilik aurasının fonunda mənəvi boşluq getdikcə dərinləşir. Ki, bunun da axırı yaxşı olmaya bilər. Hələlik ruhanilər, din təbliğatçıları onlayn formada fəaliyyət göstərirlər. Mən özüm də “Facebook” səhifəmdə canlı yayımlar edir, “Instagram” səhifələrində “Quran” təfsirindən, dini məlumatlardan danışır, sualları cavablandırıram. Yəni, əsasən bu şəkildə - onlayn auditoriyadan faydalanırıq.

 

Onlayn fəaliyyətin müəyyən çətinlikləri var. 21-ci əsrin psixologiyasında “virtual autizm” adlı bir problem yaranıb. Bunu yaradan isə sosial şəbəkələrdir. Çünki insanların bütün diqqəti sosial şəbəkələrə yönəldiyi üçün, cəmiyyətdən və canlı ünsiyyətdən təcrid olunmaq formalaşıb. Bu da insanda insani yox, texniki xasiyyət yaradıb. Yəni, insanlar robotlaşıb. İnsanlar bir-birlərini görmür deyə, insana xas xüsusiyyətlərdən faydalana bilmirlər, ictimai qınaq deyə, bir şey qalmayıb. Sosial şəbəkələrdə gündəmi dəyişmək qədər asan heç nə yoxdur. Ona görə də qarşılıqlı ünsiyyətdən doğan səfa, səmimiyyət, sevgi, kövrək duyğular və emosinal bağların hamısı arxa planda qalıb”.

 

Üç Qovaq məscidi dini icmasının sədri Şahin Rəhimli:

 

“Bizim də hazırda fəaliyyətimiz məhdudlaşıb. Ancaq azan vaxtlarında məsciddə oluruq, o da fərd olaraq. Yəni, məsul şəxslər məsciddə ola bilər. Buna isə hər hansı bir məhdudiyyət yoxdur. Lakin kütləvi şəkildə ibadətlər, iclaslar, toplantılar həyata keçirlmir və dayanıb.

 

Ümumi olaraq, hansısa çətinliyimiz yoxdur. Düzdür, fəaliyyət nöqteyindən çətinliyimiz olsa da, dövlət tərəfindən göstərilən dəstək davam edir. Əslində, onlayn şəkildə fəaliyyət göstərmək üçün bizə heç bir məhdudiyyət tətbiq edilməyib. Lakin bu fəaliyyət hələlik həyata keçirilmir”.

 

P.S. Məsələyə rəsmi münasibət almaq üçün Qafqaz Müsəlmanlar İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Lakin bu qurumlardan nə zənglərimizə, nə də sorğumuza cavab verən oldu.

Müəllif: Mərahim Nəsib