Ruslar qonşu respublikaların əsəblərini tarıma çəkir: Bu, əndazəni aşmaqdır

Siyasət

07.04.2021 - 10:17

“Ukrayna, Qazaxıstan və Belarus ərazisində qalan böyük rus torpaqları” post-sovet məkanında həyəcan siqnalına səbəb olub

 

Son zamanlarda artıq ikinci dəfədir ki, tanınmış rusiyalı şəxslərin diqqətsiz ifadələri, Rusiya ilə Qazaxıstan arasındakı zahirən buludsuz münasibətləri təhdid edir. Görəsən, bu cür çıxışlar nə qədər təsadüfi olur? Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Vladimir Medinskinin “Böyük Rusiya torpaqlarının Qazaxıstan ərazisinə necə keçdiyini” düşünmək təklifini elmi araşdırmalarla əlaqələndirdi.

 

İnterfaks xəbər verir ki, Peskov Medinskinin bu açıqlamasının Prezident Administrasiyasının gündəmi ilə heç bir əlaqəsi olmadığını vurğuladı: “Gündəmdə belə bir məsələ yoxdur. Bu, elmi araşdırmalardır”.

 

Maraqlı məqamdır - Peskova görə, ərazi iddiaları ifadəsinin asanlıqla “elmi araşdırma” kimi qiymətləndirilə biləcəyi ortaya çıxdı.

Peskov: “Putinin Mnatsakanyanla görüş planı yoxdur”

Medinski açıqlamasını 30 martda Federasiya Şurasında səsləndirmişdi. Burada senatorlar və nazirliklərin nümayəndələri Rusiya ilə Qərb arasındakı qarşıdurma kontekstində “tarix uğrunda döyüş” və “yaddaş müharibəsi”ni müzakirə etdilər. Ertəsi gün müzakirələr “Kommersant”-ın səhifələrində yer aldı.

 

Keçmiş mədəniyyət naziri, Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri, məktəb tarixi dərsliyinin müəllifi Vladimir Medinski bu müzakirələrdə “tarixi saxtalaşdırmaq bir məqsəd deyil, vasitədir” və “Qərb qüvvələri rusların beynini yuyur” kimi açıqlamalar verdi. Onun fikrincə, Qərb dəyərlərinin tətbiq edilməsi, rusların könüllü şəkildə “Kuril, Kalininqrad, Kareliya və Vıborqu geri vermək” istəməsinə gətirib çıxaracaq.

 

Bundan sonra Medinski iştirakçıları “Böyük rus torpaqlarının Ukrayna, Qazaxıstan və hətta Belarus ərazisinə necə düşməsi” barədə düşünməyə dəvət etdi.

 

Xatırladaq ki, 2020-ci ilin dekabrında Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov “Birinci Kanal”-da “Qazaxıstanın ərazisi Rusiyanın böyük bir hədiyyəsidir” demişdi. Bundan sonra Rusiya səfirliyinin müvəqqəti nümayəndəsi Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

 

Bir müddət sonra “Belrusinfo” “YouTube” kanalında Dövlət Dumasının digər üzvü Yevgeni Fyodorov da Qazaxıstana “bağışlanan” ərazilərdən danışdı və ölkənin Xarici İşlər Nazirliyinin reaksiyasını nankorluğun təzahürü kimi qiymətləndirdi. 20 dekabrda Fyodorov eyni kanalda Qazaxıstanın ərazilərin bir hissəsini icarəyə götürdüyünü və SSRİ-dən çıxdıqdan sonra bu torpaqları geri qaytarmağa borclu olduğunu söylədi. Ayrıca, o, “Qazaxıstanla vahid bir dövlətin bərpası”nın tərəfdarı olduğunu da bildirdi.

 

Həm keçmiş, həm də indiki bu söz oyunlarını necə qiymətləndirmək olar? Ümumiyyətlə, baş verənlər nə qədər təsadüf sayılmalıdır?

 

AYNA-nın suallarını Qazaxıstanın tanınmış ekspertləri cavablandırıblar.

 

Politoloq Kazbek Beysebayev:

No description available.

“Bəli, son vaxtlar bir sıra Rusiya rəsmiləri, sanki vahid komanda alaraq, Qazaxıstana qarşı ərazi iddiaları səsləndirirlər. Bu da təsadüfi deyil. Cənab Medinski yalnız Prezident Putinin köməkçisi deyil, o, keçmiş hökumətin üzvüdür. Yeri gəlmişkən, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ - MQİMO) məzunudur və nəzəri olaraq diplomatik etiket qaydaları üzrə təhsil almış olmalıdır. Buna görə də bütün bunları təsadüfən söyləmədiyini müəyyən dərəcədə inamla deyə bilərik.

 

Digər tərəfdən, soyadı tamamilə rus olmayan, Ukraynanın Çerkassı bölgəsində yaşayan birinin “Ukrayna, Qazaxıstan və hətta Belarus ərazilərində qalan böyük rus torpaqlarından” danışması təəccüblüdür. Nədənsə, 1922-ci ildə gürcü bolşevikləri sıralarındakı bir epizodu - Leninin “ruslaşmış əcnəbilər həmişə rus ruhu baxımından əndazəni aşırlar” deməsini xatırlamaq istərdim.

 

Kreml bəyanatların “elmi araşdırmaya” aid olduğunu bildirsə də, müttəfiq dövlətin Prezidentinin köməkçisi çox maraqlı bir elmi işlə məşğuldur. Adətən bu cür ərazi iddiaları həmyerlimiz Jirinovski tərəfindən irəli sürülürdü və biz ona öyrəşdik, əhəmiyyət vermədik. Ancaq Dövlət Dumasının digər deputatları da bu cür açıqlamalar verməyə başladılar.

 

İnanıram ki, bunlar təsadüfi deyil. Kremlin Qazaxıstan rəhbərliyinə qarşı bəzi iddiaları olduğuna inanıram. Təsadüfi deyil ki, Putinin özü bu yaxınlarda Moskvanın “Rusiyanın səxavətli ərazi hədiyyələrindən” Rusiyanın maraqlarına qarşı istifadə edilməsinə icazə verməyəcəyini söylədi. Bu iddiaların nə olduğunu söyləmək çətindir, amma son açıqlamalara görə bunlar var və ciddidir”.

 

Siyasi analitik Rəsul Jumalı:

No description available.

“Təəssüf ki, cənab Medinskinin və bundan əvvəl Rusiya siyasi quruluşunun digər təmsilçilərinin son bəyanatlarını bir növ sözgəlişi və ya elmi araşdırma kimi qəbul etməyin mənası yoxdur. Cənab Medinskinin son açıqlaması Federasiya Şurasında edildi. Və bura elmi tədqiqatların aparıldığı bir yer deyil. Orada qanunlar və proqramlar qəbul olunur. Buna görə də, əlbəttə ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskovun verməyə çalışdığı əsaslandırma da tənqidə tab gətirmir.

 

Bu cür açıqlamalar ilk dəfə verilmir və bunlar təkcə tarixə, beynəlxalq siyasətə və normalara deyil, üstəlik Rusiyanın bir vaxtlar üzərinə götürdüyü öhdəliklərə də ziddir. Həmçinin, Qazaxıstanla ikitərəfli müqavilələr çərçivəsində sərhədlərin delimitasiyası, daxili işlərə müdaxilə etməmək kimi müqavilələrlə də ziddiyyət təşkil edir. Yəni, Rusiya təmsilçilərinin zaman-zaman verdiyi bu cür açıqlamalar bütün parametrlərlə ziddiyyət təşkil edir - siyasi, hüquqi, tarixi və s. Bu, çox məntiqsiz, qeyri-praqmatik bir yanaşmadır, çünki dövlətlər arasındakı münasibətləri və atmosferi pisləşdirməklə yanaşı, hətta Qazaxıstandakı Putin rejimi və “Rus dünyası”nın ən prinsipial tərəfdarlarını belə, düşünməyə vadar edir.

 

Təəssüf ki, bunlar sadəcə sözlər deyil, zaman-zaman konkret addımlarla dəstəklənir - gəlin, Ukraynanı, Gürcüstanı xatırlayaq. Buna görə də belə şeylərə ciddi yanaşmaq lazımdır. Bütün bu işlərin bir mərkəzdən həyata keçirildiyinə, təşkil olunduğuna, mütəşəkkil olduğuna əminəm. Bu, ayrı-ayrı siyasətçilərin özəl təşəbbüsü deyil. Bu, Putinin 2007-ci ildə Münhendəki qalmaqallı çıxışından bəri yayılmağa başlayan bir tendensiyadır. Məhz o zaman Rusiyanın revanşist istəklərinə tərəf sərt bir meyl başladı və bu, Rusiya Federasiyasının siyasi ritorikasından doğan bütün nəticələrlə birlikdə hələ də hakim tendensiyadır.

 

Düşünürəm ki, belə şeylərə reaksiya vermək lazımdır. Bütün razılaşmaların, qaydaların və davranış normalarının pozulması olduğu müqabilində susmaq səhv bir reaksiyadır. Rusiya nümayəndələri reaksiya verməməyi zəiflik əlaməti, təcavüzə dəvət kimi başa düşürlər”.

Müəllif: Rauf Orucov