Rəsmi Bakı Qazaxıstana <font color=red> NOTA VERDİ</font>

Siyasət

02.05.2020 - 16:31

Səfir Serjan Abdıkarimov Xarici İşlər Nazirliyinə çağırılıb

 

Mayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AYNA-ya verilən məlumata görə, görüş zamanı nazir müavini aprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

 

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

 

Səfir S. Abdıkarimov, öz növbəsində, baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına başsağlığı verib və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

 

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməyin göstəriləcəyini qeyd edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə