“Rusiyanın nüvə təhdidi inandırıcı görünmür”

Dünya

30.05.2024 - 10:15

Ramil İbrahimov: “Rəsmilər düşünürlər ki, əmək bazarındakı bir neçə yüz minlik ixtisaslı içşi çatışmazlığını ukraynalı qaçqınların hesabına aradan qaldırmaq olar”

“Məlum olduğu kimi, 2022-ci il fevralın 24 dən, Rusiyanın Ukraynaya hücumundan sonra Ukraynadan Avropanın müxtəlif ölkələrinə qaçqın axını başladı. Bunlardan bir qismi də hazırda Almaniyaya pənah gətirib. Almaniya mətbuatı müharibə qaçqınlarının sayının rəsmi rəqəmlərdə göstərilənlərdən daha çox ola biləcəyini ehtimal edir. Ukrayna vətəndaşlarının Almaniyaya vizasız daxil ola bilməsi və bunun sistematik qeydə alınmaması da bu ehtimalı gücləndirir”.

Bu barədə AYNA-ya Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. Onun sözlərinə görə, Ukraynadan daxil olan miqrantların sayının çox olması müəyəyən çətinliklər yaratsa da, Almaniyanın iqtisadiyyat naziri Robert Habeck və əmək naziri Hubertus Heilin fikrincə, hazırda əmək bazarında olan bir neçə yüz minlik ixtisaslı içşi çatışmazlığını qismən də olsa, müharibə qaçqınlarının hesabına aradan qaldırmaq olar.

“Alman mətbuatının yazdığına görə, hökumət rəhbəti Olaf Şolts Ukraynadan gələn qaçqınlar üçün inteqrasiya və dil kurslaına lazım olan vəsaitin ödənildiyini, bundan sonra onların işləməyə təşfiq edilməli olduqlarını bildirib”, - deyə həmsöhbətimiz bildirib.

Həmyerlimiz Rusiyanın Ukraynaya hərbi təcavüzünün nəticəsi olaraq Avropa ölkələrində qiymətlərdə bahalaşma müşahidə olunduğunu da söyləyib: “Bu, ilk növbədə özünü enerji daşıyıcılarının qiymətində göstərir. Bahalaşma kənd təssərrüfatı mallarında da özünü göstərir. Səbəb kimi əvvəllər Rusiya və Ukraynanın Avropanın mühüm kənd təsərrüfatı təchizatçıları olması göstərilir”.

Rusiyanın nüvə silahından istifadə edə bilməsi ehtimalı və bunun Avropa məkanında doğurduğu reaksiyaya gəlincə, İbrahimov qeyd edib ki, bununla bağlı xüsusi təlaş hiss olunmur: “Həyat əvvəlki axarı ilə davam edir. Yəqin ki, bu təhdid o qədər də inandırıcı görünmür”.

“Rusiya – Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı münasibət əlbəttə ki, pisləşib. Buna nümunə olaraq 8 və 9 may tarixlərində İkinci Dünya müharibəsinin Avropada başa çatmasının anım günü münasibətilə Berlin polisinin şəhərdə sovet memorilallarına qarşı xüsusi qaydalar tətbiq etdiyini göstərmək olar. Müqəddəs Georgi lenti, uniformalar və bu kimi simvolların nümayişi qadağan edildi. Rusiya - Ukrayna müharibəsini tərənnüm edən və ya edə biləcək marş və hərbi mahnıların oxunması da yuxarıda saydıqlarımız kimi qadağan olunanlar arasında idi”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: İsmayıl Məmmədli