Səfir: “Bu barədə deyilənlər fərziyyə və fantaziyadır”
Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev rəsmi Moskvanın Belarus ilə vahid ordu yaratmaq fikrində olmadığını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, diplomatın sözlərinə görə, rəsmi Minsklə hərbi məsələlərdə qarşılıqlı əlaqə hazırda hər iki ölkənin müdafiə qabiliyyətini qorumaq üçün kifayət edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində aparılır.
“Hazırda Rusiya və Belarus silahlı qüvvələrinin inteqrasiyası üçün heç bir səbəb olmadığına inanıram. Bu barədə deyilənlər fərziyyə və fantaziyadır. Bu gün vahid orduda birləşməyə ehtiyac görmürəm", - deyə səfir əlavə edib.
Mezentsev ryni zamanda, Rusiya ilə Belarus arasındakı etimadın yüksək səviyyədə qaldığını vurğulayıb.
Qeyd edək ki, martın 5-də Moskva və Minsk hərbi personalın birgə təhsil alması üçün üç döyüş hazırlığı mərkəzi yaratmaqla bağlı qərar qəbul ediblər. Mərkəzlərin Nijni Novqorod, Kalininqrad və Qrodno bölgələrində yerləşdirilməsi planlaşdırılır.