"Rusiya D/LXR-i tanıdı, siz də bizi tanıyın” – Kor məntiqin hayqırtısı

Siyasət

11.10.2022 - 10:17

Qarabağ separatçıları suda boğulan adamlar kimi saman çöpündən yapışırlar

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bəyanatın imzalanması ilə nəticələnən danışıqlar Qarabağ separatçılarını ciddi təşvişə salıb. Ermənistan-Azərbaycan münaqişəsinin həllində belə bir irəliləyiş Qarabağ ermənilərinin separatizminin sonunu tezləşdirir.

Praqadakı görüşdən əvvəl İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində bildirib ki, Qarabağ ermənilərinin gələcəyi Azərbaycanın daxili işidir və bu mövqeyə Nikol Paşinyan tərəfindən heç bir irad tutulmayıb.

Bu mühüm amil hazırda nəfəslik axtarışına çıxan Qarabağ separatçılarının qorxularını bir daha təsdiqlədi. İş o yerə çatıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında mövcud olan separatçı qurumun “parlamenti” ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə və BMT-nin bütün üzvlərinə “Qarabağın müstəqilliyi” ilə bağlı müraciət edib.

Belə ki, beş “parlament fraksiyasının” bəyanatında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ, Fransa və BMT-nin digər 190 üzv dövləti “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırılır.

Eyni zamanda, Qarabağ separatçıları presedent kimi bu yaxınlarda Rusiya Federasiyası tərəfindən “Donetsk Xalq Respublikası”nın və “Luqansk Xalq Respublikası”nın “müstəqilliklərinin” tanınması və daha sonra yuxarıda göstərilən ərazilərin, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini göstərirlər.

Çox güman ki, hər gün artan daimi qorxu ucbatından Qarabağ separatçıları ağılla düşünmək qabiliyyətini itirib, kəskin reaksiya doğuran faktı misal kimi göstərərək beynəlxalq aləmə müraciət edirlər. Beynəlxalq ictimaiyyət Rusiyanın belə bir addımını beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulması kimi qiymətləndirib.

Qarabağ separatçıları öz bəyanatlarında qeyd etməyi unutmayıblar ki, “Beynəlxalq birlik Azərbaycanı SSRİ-nin daxili qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda müstəqil dövlət kimi tanıyıb. Və bu zaman Dağlıq Qarabağın bu ölkəyə heç bir aidiyyəti olmayıb”.

Belə savadsız və acınacaqlı müraciətin müəllifləri ilk növbədə Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin mətni ilə tanış olmalıdırlar. Bu sənədlərdə Qarabağ bölgəsi Azərbaycan ərazisi kimi göstərilib.

Belə ki, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin 9-cu bəndində, 884 saylı qətnaməsinin preambulasında və 2-ci bəndində “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri” ifadəsi, 874 saylı qətnamənin preambulasının mətnində isə ilə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” cümləsi qeyd olunur. Bu faktlar beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını təsdiqləyir.

1992-ci ilin fevralında Avropada Təhlükəsizlik və məkdaşlıq Müqaviləsi (ATƏM) missiyasının üzvlərinin Dağlıq Qarabağdakı vəziyyətə dair dinlənilmiş məruzəsinin nəticələrinə əsasən, “maraqlı tərəflərə” müraciət etmiş ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞT) müraciəti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində bütün vasitələrlə dərhal atəşkəsin” təmin edilməsi üçün təcili çağırış edilir. ATƏM-in bu sənədi Dağlıq Qarabağın Azərbaycana mənsub olmasına və dövlətlərin ərazi bütövlüyünün zorla dəyişdirilməsinin yolverilməzliyinə yönəlib.

1996-cı ildə ATƏT-in Lissabon Sammitinin bəyannaməsində də Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilir. Ona görə də Qarabağ separatçılarının beynəlxalq aləmə deyil, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyana müraciət etməsi daha məntiqli olardı. Axı 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır və nöqtə” deyən o idi.

Bu bəyanat Ermənistanın dağıdıcı məğlubiyyəti və işğal olunmuş torpaqlarının Azərbaycan tərəfindən geri qaytarılması ilə nəticələnən 2020-ci ilin 44 günlük müharibəsinə təkan oldu. İndi də Qarabağ separatçıları suda boğulan adamlar kimi saman çöpündən yapışırlar. Lakin nə separatçılar, nə də onların himayədarları Azərbaycanın gündəmini dəyişdirə biləcəklər. Çünki  Qarabağ Azərbaycandır və!

Müəllif: Asif Aydınlı