Qırğızıstan bankları ikinci dərəcəli sanksiyalara düşməmək üçün əlavə tədbirlər görməyə başlayıb
Qırğızıstanın iri bankları yeni anti-Rusiya sanksiyaları səbəbindən Rusiya və Qırğızıstan bankları arasında köçürmələri dayandırıb. AYNA xəbər verir ki, “24kg” nəşrinin məlumatına görə, bu siyahıya “Bakai Bank”, “Dəmir Bank”, “Dos-Credobank”, “Keremet Bank”, “Bank of Asia”, “Optima Bank”, “Eldik Bank”, “Kyrgyzkommertsbank”, MBANK və Qırğızıstan İnvestisiya Kredit Bankı (KICB) daxildir.
Qırğızıstan Milli Bankından qeyd edilib ki, kommersiya bankları terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə qanunlarına riayət etməlidirlər. Buraya “Müştərini Tanı” (KYC) siyasəti çərçivəsində müştərilərin yoxlanılması və əməliyyatların, vəsait mənbələrinin qanuniliyini təsdiq edən sənədlərin təqdim edilməsi daxildir. Banklar əmanətlərin təhlükəsizliyinə cavabdehdirlər və terrorizmin maliyyələşdirilməsi (CFT), çirkli pulların yuyulması (MLC) qaydalarına uyğunluq da daxil olmaqla, riskləri qiymətləndirmək və azaltmaq tələb olunur.
Anti-Rusiya məhdudiyyətlərinə cavab olaraq Qırğızıstan bankları ikinci dərəcəli sanksiyalara düşməmək üçün əlavə tədbirlər görməyə başlayıb.
Qırğızıstan Milli Bankının məlumatına əsasən, müştərilərin və qarşı tərəflərin sanksiya siyahısında olub-olmadığını müəyyən etmək üçün onların yoxlanılması gücləndirilib.
Aprel ayında Qırğızıstan bankları operatoru fevralın sonunda ABŞ sanksiyalarının bloklanmasına məruz qalan Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Yerli milli ödəniş sistemi “Elkart” “Mir” vasitəsilə ödənişlərin dayandırıldığını elan edib. Krımın ilhaqından qısa müddət sonra buraxılmağa başlayan Rusiya kartları ilə artıq Qırğızıstanda pərakəndə satış məntəqələrində ödəniş etmək, bankomat vasitəsilə əməliyyat aparmaq, kartdan karta köçürmələr etmək mümkün deyil.