Qəzza zolağında əməliyyatın mümkün ssenarisi: “Əəliyyat bir ay davam edəcək”

Dünya

03.11.2023 - 15:41

Yuri Knutov: “İsraillilərin və fələstinlilərin malik olduğu döyüş resursları bir aya bəs edir”

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında təxminən bir ay ərzində əməliyyat keçirəcək”. AYNA xəbər verir ki, bu sözləri “Lenta.ru” saytına rusiyalı hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Yuri Knutov deyib.

Fələstin anklavında döyüşlərin müddəti barədə danışan ekspert hərbi əməliyyatın təxmini ssenarisini proqnozlaşdırıb: “Ümumiyyətlə, düzünü desəm, vəziyyət kifayət qədər qanlıdır. Bu gün İsrail ordusu çox sərt davranır. Qəzza zolağını mühasirəyə aldılar, indi hissələrə böləcəklər. Təmizləmə çətin olacaq. Hər hansı obyekt orada tank əleyhinə raket komplekslərinin və ya hansısa atəş nöqtələrinin yerləşdirilməsi ehtimalı nöqteyi-nəzərindən təhlükə törədirsə, belə binalar aviasiya və ya artilleriya vasitələrinin köməyi ilə dərhal məhv ediləcək. Daha sonra zirehli texnikanın dəstəyi ilə irəliləyərkən təmizləmə əməliyyatı olacaq. Atəş açılsa, tanklar bu nöqtədə işləyir, o zaman aviasiya və artilleriya işləyir. Beləliklə, onlar əslində bu şəhər binalarını xarabalığa çevirəcəklər”.

“Düşünürəm ki,  gərgin döyüş əməliyyatları təxminən bir ay davam edəcək, ardınca patrullar və əlavə təmizləmə əməliyyatları keçiriləcək. Bir qayda olaraq, israillilərin və fələstinlilərin malik olduğu döyüş resursları bir aya bəs edir. Sonra döyüşlərin intensivliyi kəskin şəkildə azalır və işlər danışıqlara doğru gedir”, - deyə Knutov qeyd edib.

Müəllif: Turan Abdulla