Qərar Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən dron hücumlarından sonra qəbul olunub
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən dron hücumlarından sonra Kaşağan yatağından neft ixrac marşrutlarını yenidən nəzərdən keçirmək və bəzi həcmləri Çinə yönləndirmək qərarına gəlib. AYNA.AZ Qazaxıstan mediasına istinadən bildirir ki, qərar Qazaxıstan Energetika Nazirliyi tərəfindən verilib.
Nazirlikdən bildirilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına edilən hücumlar ixracı tamamilə dayandırmayıb. Təhlükəsizlik tədbirləri görülməklə, mövcud liman infrastrukturu vasitəsilə daşımalar davam edir.
"Hazırda neft həcmlərinin yenidən bölüşdürülməsi üçün yükgöndərənlərlə işləyirik. Buraya müəyyən miqdarda Kaşağan neftinin Çinə yönləndirilməsi tədbirləri də daxildir. Vəziyyət Energetika Nazirliyi tərəfindən davamlı olaraq izlənilir", - deyə nazirlikdən qeyd edilib.