Hande Harmancı: “İnsanlar 1 metrlik məsafəni saxlamağa, maska taxmağa davam etməlidirlər”
“İnsanlar pandemiya bitdi deyərək köhnə həyatlarına qayıdarlarsa, xəstə sayında artım olacaq”. AYNA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.
O, Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərək bildirib ki, əhali koronavirus xəstəliyinin uzunmüddətli proses olduğunu bilməlidir: “Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. İnsanlar ən sadə qaydalara, məsələn ən azı 1 metrlik məsafəni saxlamağa, əl gigiyena qaydalarına riayət etməyə və maska taxmağa davam etməlidirlər”.
Harmancı vurğulayıb ki, yumşalma tədbirləri zəruridir: “Amma karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yaranıb. Virusdan qorunmaq qaydalarına riayət edilməsə təxminən 7-10 gün sonra xəstə sayında artım ola bilər”.