O "Qulp" verilişində istehzalı mesajları ilə xalqı Mirzə Cəlil "iynəsi" ilə tərpətmək istəyirdi
Aşıq Yedigar vəfat etdi. 90-cı illərin kütləvi yaddaşının daha bir simvolu bizi tərk etdi.
Yadigar Muradov qarmaqarışıq, əsəbi, kasıb dövranın aynası idi. ANS-də, "Qulp" verilişində istehzalı mesajları ilə xalqı Mirzə Cəlil "iynəsi" ilə tərpətmək istəyirdi.
Onun bu mahnını oxuduğu kadrlara arada baxıram.
Bu kadrlar yaddaşı geri qaytarır, adamda kədər doğurur.
Şən notlar üstündə oxunan "Nə vaxta qaldı ay qağa" ironik mahnı ağrıdan doğan isterika idi əslində...
90-ların sonlarından Qarabağ harayı tragikomik çalarlar almağa başlamışdı. Torpağı itirdiyimizə alışırdıq sanki.
Aşıq Yedigar da oxuyurdu:
"Namusum, qeyrətim de, harda qaldı?
Yurduma dönməyim nə vaxta qaldı ay qağa, nə vaxta qaldı...".
O illərdə bu sözlər məğlub xalqın sarı simi idi.
Aşıq Yedigar oxuyurdu:
" - Nə vaxtdır qalmışam yurduma həsrət..."
Bu sual siyasi gündəm idi, qəzəb, hikkə, dava, əsəb və əlacsızlığın ifadəsi idi.
Aşıq Yedigar oxuyurdu:
"Qarabağda, Qarabağda.
Gözüm qaldı Qarabağda.
Sözüm qaldı Qarabağda...".
Torpağını, evini, elini itirmiş xalqın sızıltısı idi.
Aşıq Yedigar oxuyurdu:
"Yaşasaq da qaçqın düşərgəsində,
Fikri-düşüncəsimiz Qarabağdadır...".
Xalq 30 il Qarabağı unutmadı. Onu arxivə atmadı. Elinə qayıdacağı günə, “ağ atlı oğlan”ların gələcəyinə ümidini üzmədi.
Aşıq Yedigar sanki inamsız oxuyurdu:
" - Gün o gün olsun yol açılsın
Laçından Böyükşora..."
İndi Bakıdan Xankəndiyə, Şuşaya, Laçına Ağdama, Cəbrayıla, Zəngilana, Füzuliyə, Qubadlıya -bütün Qarabağa asanlıqla getmək olur.
27 il əvvəl çəkilmiş bu kadrlara baxdıqca göz önündən Qarabağ deyərək gözünü əbədi yuman, torpaq həsrəti ilə köçən minlərlə insanın ağrılı taleyi ötüb keçir, ümidsizlikdən sarsılmış xalqın psxoloji portreti canlanır.
Azərbaycan Ordusunun gücü bu acı xatirələrin üstünə su səpir.
Aşıq Yedigarın arzuları çin oldu. Yadigar Muradov da o günləri gördü.
Ruhu şad olsun!
Müəllif: Xaqani Səfəroğlu