“Bakı-Sumqayıt yolunun kənarındakı ağacların saxlanılması mümkün deyil”

Cəmiyyət

20.12.2019 - 17:23

ETSN rəsmisi: “Təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra qərar qəbul edilir”

 

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən "Tikinti, istehsalat və digər layihələrə ekoloji rəyin verilməsi prosedurlarında yenilik, ictimai dinləmələrin şəffaflığın təmin edilməsində və əhalinin məlumatlandırılmasında rolu" mövzusunda mətbuat konfransı keçirilib. AYNA xəbər verir ki, tədbirdə ETSN Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov açıqlamalar verib.

 

O bildirib ki, Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib: "Mümkün olan yerdə ağaclar saxlanılır. Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra müsbət rəy verilib. Bir şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin".

 

"Amma yenə də xüsusi olaraq qeyd edirəm ki, rəyə göndərilən layihələrim məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır. Ona görə də təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra rəy verilməsi barədə qərar qəbul edilir", - deyə qurum rəhbəri vurğulaylb.

Müəllif: Mərahim Nəsib