Albaniyada kütləvi etirazlar başlayıb: “Əsas məsələ bu hökuməti devirməkdir”

Dünya

12.06.2026 - 23:47

Trampın kürəkəni ilə bağlı başlayan etirazlar hökumətin istefasına çağırışa keçib

Cümə axşamı günü minlərlə nümayişçi yenidən Albaniyanın paytaxtı Tiranada küçələrə çıxaraq Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli layihəyə etiraz edib. AYNA.AZ xəbər verir ki, kütləvi etirazlar bir həftədən çoxdur ki, davam edir.

Nümayişlərə birbaşa təkan verən səbəb Adriatik dənizi sahilindəki qorunan ərazidə tikinti işlərinin başlanması olub. Kuşnerlə əlaqəli bir şirkət Albaniya hökumətinin razılığı ilə lüks kurort inşasını planlaşdırır.

Lakin nümayişçilər lap əvvəldən layihənin bağlanmasını deyil, həm də ölkəni 13 ildir idarə edən Baş nazir Edi Ramanın istefasını tələb etməyə başlayıblar.

Ötən həftə parlamentdə çıxış edən Rama özü bildirib ki, Kuşnerin layihəsi hələ yekunlaşdırılmadığı və ətraf mühitə təsirin qiymətləndirilməsi hələ də gözlənildiyi üçün etirazçıların narahatlıqları əsassızdır.

"Hökumət korrupsiyalaşıb, müxalifət korrupsiyalaşıb, hər ikisi buna şərikdir və biz nəyəsə nail olmağa ümid edirik", - son nümayişin iştirakçısı Sara Breqasi “Reuters” agentliyinə bildirib.

Bu miqyasda ilk etirazlardır və ilk dəfədir ki, heç bir partiya iştirak etmir.

"Əlbəttə ki, əsas məsələ bu hökuməti devirməkdir. Mən parlamentdə yeni nəsil, tamamilə yeni bir nəsil görmək istərdim", - deyə digər bir etirazçı Orgest Noka bildirib.

İlk etiraz may ayının sonunda, işçilər kurortun planlaşdırıldığı qorunan ərazinin bir hissəsini hasara aldıqda və dəniz sahilində buldozerlər peyda olduqda baş verib.

Etirazçılarla hasarın yaxınlığında özəl şirkətin mühafizəçiləri arasında toqquşmalar olub. Daha sonra paytaxt Tiranada, hökumət binalarının yaxınlığında etiraz aksiyası keçirilib.

Kütləvi nümayişlər ötən həftə başlayıb. Onların iştirakçıları iddia edirlər ki, Adriatik sahilindəki qorunan ərazidə genişmiqyaslı tikinti işləri həm quruda, həm də dənizdə təbiətə düzəlməz ziyan vuracaq.

Kuşnerin layihəsi Zvernek yarımadasını və Albaniyanın cənubundakı kiçik Sazan adasını əhatə edir. Plana əsasən, orada otellər, şəxsi villalar, restoranlar və yaxt limanı tikməklə yanaşı, Sazan üzərindəki kilometrlərlə uzunluğunda tunelləri və istehkamları əyləncəyə çevirmək də planlaşdırılır. “Soyuq müharibə” və Ənvər Hocanın təcrid rejimi dövründə ada onilliklər boyu qapalı hərbi baza olub.

Sazan adası və yaxınlıqdakı digər yarımada olan Karaburun 16 il əvvəl Milli Dəniz Parkı elan edilib.

Layihə Kuşnerin investisiya şirkəti “Affinity Partners” ilə əlaqəli olan “Atlantic Incubation Partners” MMC tərəfindən idarə olunur.

Albaniya hökuməti layihəyə müəyyən uzun təsdiq və tender prosedurlarını keçməyə imkan verən "strateji investor" statusu verib.

Edi Rama hökuməti layihə ilə bağlı əsas ilkin qərarları 2024-cü ilin dekabrında və 2025-ci ilin yanvarında - Donald Trampın seçilməsindən dərhal sonra və andiçmə mərasimindən əvvəl verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş