Rusiya Prezidenti ruslardan seçkilərdə iştirak və ona səs verilmələrini xahiş edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına müraciət edib. AYNA rus mediasına istinadən bildirir ki, Putin videomüraciətində vətəndaşlardan qarşıdan gələn prezident seçkilərində iştirak etməyi, iradə və istəklərini qəti şəkildə bəyan etməyi və ona səs verməyi xahiş edib.
Putinin sözlərinə görə, Rusiya hazırda çətin dövr yaşayır və demək olar ki, bütün sahələrdə problemlərlə üzləşir: “Onlara ləyaqətlə cavab verməyə davam etmək, çətinlikləri uğurla dəf etmək üçün biz həmrəy olmağa və özümüzə inamlı olmağa davam etməliyik”.
“Sizin səsiniz dəyərli və əhəmiyyətlidir", - deyən Putin seçkilərin nəticələrinin ölkənin inkişafına birbaşa təsir edəcəyini və “yaxın günlərdə çox şeyin hər birinizdən asılı olacaq" söyləyib.
“Hər şeyi tam istədiyimiz kimi edəcəyik. Ona görə də sizdən xahiş edirəm ki, seçkilərə gəlib vətəndaş və vətənpərvər mövqeyinizi ifadə edin, seçdiyiniz namizədə, sevimli Rusiyanın uğurlu gələcəyinə səs verəsiniz”, - Putin fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Putin 2000-ci ildən Rusiyada hakimiyyətdədir. Onun dördüncü səlahiyyət müddəti hazırda başa çatır. 2020-ci ildə Putin Konstitusiyaya dəyişiklik edərək bir nəfərin iki dəfədən artıq namizəd ola bilməməsi əngəlini aradan qaldırıb. Putin ötən ilin dekabr ayında beşinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı.
Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Seçkilərdə Putindən başqa üç namizəd iştirak edəcək: Dövlət Dumasının sədr müavini Vladislav Davankov (“Yeni insanlar”), LDPR lideri Leonid Slutski və Dövlət Dumasının Uzaq Şərq və Arktikanın inkişafı komitəsinin sədri Nikolay Xaritonov.