“Putin artıq Rusiyanın maraqlarına cavab vermir” - <font color=red> Konstantin Kalaçov</font>

Siyasət

20.12.2020 - 18:48

Rusiyalı politoloq: “Ölkəmiz geosiyasətdəki rolunu itirir, indi biz heç Çin üçün də maraqlı deyilik”

 

Vladimir Putinin son mətbuat konfransı həm Rusiyada, həm də xaricdə bir çox şərhə səbəb oldu. Kimsə Rusiya Prezidentinin çıxışını tənqid etməyə başladı, amma kiminsə xoşuna gəldi. Lakin bir çox ekspertlər Rusiya Prezidentinin bu çıxışının əvvəlki illərlə müqayisədə daha zəif olduğu qənaətindədirlər.

 

Rusiyalı politoloq Konstantin Kalaçov, Kreml başçısının çıxışı, 2021-ci ilin Rusiya üçün nələr vəd etdiyi, bu ölkə ətrafında geosiyasi vəziyyətin necə inkişaf edəcəyi barədə fikirlərini AYNA ilə bölüşüb.

 

- İllik mətbuat konfransı haqqında nə deyə bilərsiniz? Rusiyada ilin nəticələri necədir?

 

- Darıxdırıcı, kədərli bir mətbuat konfransı oldu. Yeganə parlaq şey uşaqlara pul ayırmaq idi. Qalanları çox da maraqlı deyildi. İndi sizdə vəziyyətin fərqli olduğunu düşünürəm. Əliyev indi yüksəlişdədir, qalibdir. Amma Putinin mətbuat konfransı darıxdırıcı oldu və tamaşaçıları yalnız uşaqlar üçün ayrılan 5000 rubl oyandırdı.

 

Ümumiyyətlə, bu ilin Rusiya üçün pis keçdiyini söyləmək lazımdır. Yalnız koronavirusla deyil, eyni zamanda, yaxşı olduğumuzu düşündüyümüz eyni geopolitikanın da problemləri var. Bir çox müttəfiqlərimiz bizdən daha hiyləgər çıxdı. Məsələn, Avropa ilə münasibətlərini korlayan Ərdoğan, indi onları dost olmağa dəvət edir. ABŞ ilə münasibətlərini korlayan Çin, indi Baydenin qələbəsinə sevinir və yeni rəhbərliklə əməkdaşlıq planları hazırlayır. Yəni hər kəs rahatlıq və çoxvektorluq nümayiş etdirir, yalnız Kremlin siyasəti tramvay kimidir. Çünki bütün ölkələr öz mənfəətlərindən irəli gələrək addım atır, biz isə komplekslərimizdən, əziyyətlərimizdən, problemlərimizdən və s. Türkiyə və ya Çin haqqında danışarkən, onların siyasi sistemlərinin çevik reaksiya verməyə hazır olduğunu başa düşürük, lakin bizim sistemimiz tamamilə hazır deyil.

Rus uzmandan seçim tahminleri: Putin sınıfı geçebilecek mi? – Yeni Çağ

- Yeri gəlmişkən, bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri Ukraynada rəsmi səfərdə idilər. Moskva Kiyevlə Ankara arasındakı münasibətləri necə qiymətləndirir?

 

- Onların münasibətlərinin inkişaf etməsi təzə fakt deyil. Ukraynalılar Türkiyədə 2 ay vizasız yaşaya bilərlər. Ankaranın keçmiş Sovet ölkələri də daxil olmaqla, texnologiyalara ehtiyacı var. Ukraynada müasir texnologiyalar yaratmağa imkan verən baza texnologiyalar var, Türkiyənin onlara ehtiyacı var. Bu, birinci faktordur. İkincisi, Türkiyənin hələ də Krımı unutmamasıdır. Unutmayaq ki, Türkiyə - dövlət mənafelərini əsas götürərək, hədəfinə doğru tədricən irəlililəyən bir ölkədir.

 

- Rusiya siyasəti ilə bağlı 2021-ci il üçün proqnozlarınız necədir?

 

- Hər şey çox kədərlidir. Bayden Çin ilə münasibətləri praqmatizmdən irəli gələrək qurur, amma Rusiya rəhbərliyi bu keyfiyyətini itirib. Ümid edirəm ki, Rusiya Baydenlə münasibətlər qura biləcək. Ancaq Rusiya geosiyasətdəki rolunu itirir. Rusiya artıq Çin üçün xüsusilə maraqlı deyil. Amerikalılar başa düşdülər ki, ruslar yeni dünya müharibəsinə başlamayacaqlar. Onlar ən çox bununla maraqlanır və qorxurdular. İndi başa düşdülər ki, liderlərimiz də müharibəyə başlamayacaq, ona görə ki, özləri üçün qorxurlar. Buna görə bizdən niyə qorxsunlar ki?!

 

- Rusiyaya ayrıca bir geopolitik cazibə mərkəzi kimi baxırsınızmı?

 

- Ümid edirəm ki, Rusiya nə vaxtsa buna çevriləcək, amma hələlik...  İndi Rusiya ilə bütün söhbətlər Rusiyadan qoparmaq, pul almaq, ya da qaz endirimləri və ya başqa bir şeylə bağlıdır. İndiki rəhbərliyimiz artıq ölkənin maraqlarına cavab vermir. Buna görə ümid edirəm ki, nə vaxtsa belə olacağıq və hazırkı rəhbərlik sadəcə bütün bu prosesləri imitasiya edir.

 

- Deməli, yeni bir hökumətin gəlməsi lazım olduğunu düşünürsünüz?

 

- Ölkəni modernləşdirəcək və ölkəni idarə edəcək insanlar gəlməlidir. Onlar nəyi isə bəyənmək və ya bəyənməmək prinsipi ilə deyil, fayda götürmək və fayda əldə etmək prinsipi ilə idarə etməlidirlər. Rusiya münasibətlərini maraqlarına və vətəndaşlarının rifah vəziyyətinə əsaslanaraq qurmalıdır. Qalan bütün məsələlər Sovet dövründə doğulub böyüdülmüş, beyinlərində “soyuq müharibə”nin davam etdiyi insanların  komplekslərdir.

 

- Postovet məkanı üçün hansı gələcəyi görürsünüz?

 

- Postsovet məkanı normal şəkildə düzəldilə bilər və bir istiqamətdə oynamağa çalışmasanız, rus dilini burada millətlərarası ünsiyyət dili olaraq saxlamaq olar. Mənim nəzərimdə fərqli siyasi və iqtisadi sistemlərə sahib bir məkan var, eyni zamanda bizi ortaq bir tarix birləşdirir. Bizi birləşdirən şeyi inkar etmək axmaqlıq olardı, çünki bu, rəqabət üstünlüyümüzdür və bu əsasda ölkələr arasında faydalı əməkdaşlıq qurmaq mümkündür.

Müəllif: Nicat Hacıyev