Blaşçak: “Vladimir Putinin siyasəti Rusiya İmperiyasını bərpa etməyə yönəldilib”
“Kreml Rusiya İmperiyasını bərpa istəyindədir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.
Nazir imperialist siyasətinə görə Kremli qınayıb: “Şübhəsiz ki, Prezident Vladimir Putinin siyasəti Rusiya İmperiyasını bərpa etməyə yönəldilib".
Polşanın şərq sərhədlərində baş verənləri yaxından izlədiyini deyən Blaşçak vurğulayıb ki, rəhbərlik etdiyi ordu modernləşdirilib və qoşun sayı artırılıb.
Qeyd edək ki, 15 aprel tarixində Varşava Rusiyanın üç diplomatının diplomatik status şərtlərini pozduğuna və zərərli fəaliyyət göstərdiklərinə görə qovulduğunu elan edib. Bununla yanaşı, Polşa hakimiyyəti ABŞ-ın Rusiyaya qarşı son sanksiyalarını dəstəkləyib.
Moskva isə öz növbəsində Polşanın Rusiyadakı səfirliyinin beş işçisini persona non-qrata elan edib.