Aslan Fətullayev vəfat edib

Xəbərlər

10.11.2026 - 20:17

Aktyor 70 yaşənda dünyasını dəyişib

Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70 yaşında vəfat edib.

Aslan Fətullayev 10 noyabr 2026-cı ildə dünyasını dəyişib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Kukla Teatrı məlumat yayıb.

Aktyor 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Səhnəyə ilk addımını hələ 7 yaşında atıb. Kənd mədəniyyət evində Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazını canlandırıb. Uşaqlıqdan başlayan sənət sevgisi sonradan onun həyat yoluna çevrilib.

1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Aslan Fətullayev teatr fəaliyyəti ilə yanaşı, televiziya və kino sahəsində də tanınıb. “Canlı şahid” televiziya tamaşasında yaratdığı Şani obrazı Azərbaycan Televiziyasının qızıl fonduna daxil edilib.

Aktyor “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi televiziya proqramlarında müxtəlif obrazlarla tamaşaçıların rəğbətini qazanıb.

Onun kino yaradıcılığında da yaddaqalan rollar var. Aslan Fətullayev “Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Mikrorayonda cin”, “Papaq” və “Oğlan və maral” filmlərində çəkilib. Dublyaj sahəsində də fəaliyyət göstərib.

Aktyor sənət fəaliyyəti ilə yanaşı, mədəniyyət təşkilatçısı kimi də çalışıb. Müxtəlif illərdə Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində, o cümlədən “Dostluq” mədəniyyət evində rəhbər vəzifələrdə işləyib.

Qarabağ müharibəsinin ilk illərində onun təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgələrinə konsert proqramları təşkil olunub. Bu çıxışlar müharibənin ağır günlərində əsgərlərə mənəvi dəstək məqsədi daşıyıb.

Aslan Fətullayev 2008-ci ildən 31 oktyabr 2026-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Burada da özünəməxsus ifa tərzi, səhnə enerjisi və peşəkarlığı ilə seçilib. Uşaqlarla işləməyi və onların dünyası ilə ünsiyyətdə olmağı sənətinin ən sevimli tərəflərindən hesab edib.

Aslan Fətullayev 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2026-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunub.

Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi və kollektivi aktyorun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

Aslan Fətullayevin ömür yolu səhnəyə, sənətə və mədəniyyətə xidmət nümunəsi kimi xatırlanacaq. O, yaratdığı obrazlarla, teatr və kino fəaliyyətində qoyduğu izlə Azərbaycan sənət tarixində yaşayacaq.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş