Vəkil: “Müvəkkilimin beyin silkələnməsi nəticəsində baş ağrıları hələ də davam edir”
Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın polis əməkdaşlarının zorakılığı nəticəsində aldığı beyin silkələnməsi nəticəsində səhhətində problemlər yaranıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Köçəryanın vəkili Erik Aleksanyan məlumat verib.
“Ekspertiza təyin edilib. Məhkəmə-tibb eksperti artıq Levon Köçəryana baş çəkib və onu müayinə edib. Müvəkkilimin beyin silkələnməsi nəticəsində baş ağrıları hələ də davam edir”, - Aleksanyan bildirib.
Onun sözlərinə görə, bir gün əvvəl Köçəryanla zərərçəkmiş statusuna malik iki polis əməkdaşı arasında da qarşıdurma olub. Lakin vəkil təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Daha sonra o polis əməkdaşları tərəfindən döyülüb, sonra xəstəxanaya yerləşdirilib. İrəvanın tibb mərkəzlərinin birində ona beyin silkələnməsi diaqnozu qoyulub. Köçəryan isə dörd polis əməkdaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.