“Peyvəndləmədə könüllülükdən daha vacib məsələ var” – <font color=red> DEPUTAT</font>

Cəmiyyət

10.06.2021 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Müşfiq Məmmədli: “Yoluxmuş şəxs kimi adının sistemdə olması vaksinasiyanın ilk mərhələsində aktual idi, amma indi hər kəs gedib peyvənd oluna bilər”

 

COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb kimi qoyulması vaksinasiya prosesində könüllülüyün arxa plana keçirilməsindən xəbər verməkdədir. Qərardan sonra gün ərzində peyvənd vurduranların sayı ilə bağlı açıqlanan statistika da onu deməyə əsas verir ki, qərar bu prosesi daha da sürətləndirmiş oldu. Lakin peyvənd vurdurmağa ehtiyat edən, yoluxduğunu düşünən, amma test verdirmədiyinə görə adı sistemə düşməyən şəxslər bir sıra suallar qarşısında qalıb.

 

AYNA həmin sualların bir qismini Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədliyə ünvanlayıb.

İnanılmaz təzad - indi uşaqları infeksiya yox, rahat həyat əlimizdən alır

- Müşfiq müəllim, peyvənd könüllüdürsə, niyə bir sıra xidmət və iş sahələrində COVID-19 pasportu tələb kimi qoyulur?

 

- Əhali ilə sıx kontaktda olan xidmət sahələrində işləyənlərdən, xarici ölkələrə səyahət etməli olan şəxslərdən COVID-19 pasportu tələb olunur. Bunun da səbəbi bəllidir. Məsələn, deputat xidməti məsələlərlə bağlı xarici ölkələrə səfər edə bilər və ya hansısa müəssisədə işləyən hansısa mütəxəssis ezamiyyətə göndərilə bilər. Bu halda xarici ölkələrdə peyvəndlənmə tələb olunur. Bu halda peyvənd olunmamaq maneə yarada bilər. Bundan əlavə deyək ki, şəxs qida sahəsində işləyir. Həmin adam gün ərzində çox sayda insanla kontaktda ola bilir. Bu halda könüllülük prinsipi ilə vətəndaş məsuliyyəti arasında həmin işçi də, müəssisə rəhbəri, o cümlədən dövlətimizin müvafiq strukturları da qərar vermək məcburiyyətindədir. Yəni biz burada vətəndaş mövqeyi, vətəndaş məsuliyyəti baxımından yanaşsaq, daha məqsəduyğundur.

 

Mənim şəxsi fikrim belədir ki, vaksinasiya prosesində biz bu iki fikri yanaşı qoyası olsaq, mən vətəndaş mövqeyi tərəfindən yanaşmanın tərəfdarıyam. Yəni bizim sağlamlığımız təkcə bizim işimiz deyil. Çünki pandemiya reallığı var. Biz öz sağlamlığımıza etinasız yanaşmaqla təkcə özümüzü riskə atmaqla yanaşı, ətramızıdakı insanları da riskə atırıq. Buna görə də bu məsələdə könüllülük prinsipindən daha çox, vətəndaş mövqeyinin ön plana çıxarılması tərəfdarıyam.

 

Bu suala cavabımda fikrimi belə tamamlamaq istəyirəm. Məsələn, hər bir şəxs öz evində musiqi dinləməkdə azaddır. Amma biz ictimai bir məkandayıqsa, yaxud öz mənzilimizdə ətrafda olan insanların da, qonşuların da rahatlığını pozmamaqda hökmlüyük. Burada şəxsi hüquqlarla vətəndaş məsuliyyəti arasındakı sərhəddə diqqət yetirməliyik. Xüsusən də bu, sağlamlıqdırsa, daha çox məsuliyyət tələb olunur.

 

- COVID-19-a yoluxduqdan sonra evdə müalicə alan, adı qeydiyyata düşməyən şəxslər var. Həmin şəxslər sual verirlər ki, onlar nə etməlidirlər?

 

- Bu sual daha çox təlimatları həyata keçirən icraedici strukturun məmurunun aydınlatmalı olduğu məsələdir. Amma mən tibbi mütəxəssis olduğuma görə buna izahat verə bilərəm. Burada məsələ ondan ibarətdir ki, xəstəlik keçirib sağalmış insanın peyvənd olunması ilə bağlı heç bir əks göstəriş yoxdur. Sadəcə həmin sistemin qurulmasında administrativ yanaşma ondan ibarətdir ki, biz peyvəndləri yeni-yeni idxal edirik, peyvəndlərin sayı, yoluxmamış əhalinin hansı sürətlə peyvənd olunması məsələləri var. Bilirsiniz ki, beynəlxalq platformada vaksin ədalətsizliyi baxımından peyvəndlənmə ilə bağlı müəyyən problemlər yaşanır. Burada dövlətin məqsədi ondan ibarət idi ki, immuniteti olmadığı sübut olunmuş şəxslər daha erkən vaksinasiya olunsunlar. Yəni o ardıcıllığı tənzimləmək məqsədi ilə sistem işləyirdi. Amma hazırda kifayət qədər vaksin olduğuna görə, insanlarımız xəstəliyi keçirtsə belə, onların vaksin olunmasında heç bir maneə yoxdur. Rahatlıqla gedib vaksin oluna bilərlər.

 

Vaksinasiyadan yayınmaq üçün bəhanələr tapmaq öz sağlamlığımızı risk altına qoymaqdır. Təbii ki, biz burada maarifləndirmə yolu ilə izah etməyə çalışırıq ki, yoluxub-yoluxmamağınızdan asılı olmayaraq, sizin vaksin olunmağınızda heç bir problem yoxdur. Yoluxmuş şəxs kimi adının sistemdə olması vaksinasiyanın ilk mərhələsində aktual idi. İndi rahatlıqla hər kəs gedib peyvənd oluna bilər.

 

- İki doza peyvənd  aldığı halda antikor testindən sonra qanında antitel yaranmayan insanlar var. Onlar vurdurduqları peyvəndin effektiv olmamasından narahatdırlar.

 

- Heç bir narahatlığa əsas yoxdur. Elmi tədqiqatların əsasında deyim ki, peyvənddən sonra insanda iki tip immunitet yaranır: hüceyrə immuniteti və ya antitellər hesabına yaranmış immunitet. Hər iki immunitetin ikisində də insanın yoluxma riski azalır. İki dozada peyvənd almış insan anticismlərin qanda hansı səviyyədə olmasından asılı olmayaraq, onda immunitet formalaşmış olur. Bu, elmi cəhətdən sübut olunub. İki dozada peyvənd olunmuş şəxsin yoluxma ehtimalı yoxdur, olsa da, azdır. Xəstəliyin əlamətlərinin ortaya çıxması olmur və ya bu, çox sönük formada olur.

 

Virus qanında antitel olan insanın orqanizminə daxil olmurmu? Xeyr, həmin insanın da orqanizminə virus daxil olur, ancaq xəstəliyin kliniki əlamətləri müşahidə olunmur. Yəni bu baxımdan vaksinasiya olunmuş insanların özlərini lazımsız müayinələrlə, suallarla narahat etmələrinə heç bir əsas yoxdur. Mən bunu beynəlxalq elmi araşdırmaların nəticələrinə əsasən deyirəm. Braziliyada, Malayziyada, Türkiyədə aparılımış üçüncü faza çalışmaları əsasında bu məlumatları deyirəm. İki doza vaksin almış şəxslər immunitet çətiri altındadırlar.

 

- “Sinovac” peyvəndinə qarşı da inamsızlıq var...

 

- Şəxsən özüm “Sinovac” peyvəndi olunmuşam. Burada narahatlıq üçün heç bir əsas yoxdur.

 

- Peyvənddən sonrakı günləri ağır keçirən insanlar var. Onlar arasında hətta virusa yoluxmuş qədər ağır keçirənlərin olduğunu da eşidirik. Bunu eşitdikdən sonra insanlar peyvənd vurdurmaqda daha çox ehtiyat edirlər…

 

- Peyvənddən sonra özümü necə hiss etdiyimi deyim. Birinci dozadan sonra yorğunluq, heç bir narahatlıq hiss etmədim. İkinci dozadan sonra bir qədər yorğunluq, arterial təzyiqin 10 vahid yüksəlməsi müşahidə olundu. Bu əlamətlər də bir saat dincəldikdən sonra keçdi. Özüm tibb işçisi olduğuma, Sumqayıtda vətəndaşlarımızın vaksinasiya prosesində iştirakı ilə maraqlandığıma görə konkret rastlaşdığım halları da qeyd edim. Peyvənddən sonra daha çox az miqdarda arterial təzyiqin yüksəlməsi, bəzi şəxslərdə yüngül halsızlıq, baş ağrısı, bəzilərində 37.1, 37.2 səviyyəsində bir gecə hərarətin yüksəlməsi halları müşahidə olunub.

 

Mən pediatr olduğuma görə peyvəndlənmə prosesini yaxından izləyirəm. Ümumiyyətlə, peyvəndlənmədə insanda müəyyən qədər cuzi də olsa, bəzi əlamətlərin müşahidə edilməsi normaldır. Bu, qısa bir müddət ərzində keçir. Çünki orqanizm o virusu tanıyır və ona cavab reaksiyası verir. Bundan qorxmağa ehtiyac yoxdur. Amma əks göstərişləri olan şəxslərlə bağlı Səhiyyə Nazirliyi təlimatları göndərib. Həmin şəxslər də həkimlər tərəfindən müəyyən olunur, hansısa narahatlığı varsa, onlar aradan götürülür, bundan sonra peyvənd olunur. Bundan çəkinib qorxmağa ehtiyac yoxdur. Özüm, deputat, həkim yoldaşlarım da peyvənd olunub.

 

- Peyvənd olunmaqdan ehtiyat edənlərə hansı sahələr üzrə həkimlərə müraciət edib müayinə olunmalarını məsləhət görürsünüz?

 

- Vaksin məntəqəsinə müraciət etmələri kifayətdir. Orada həkimlər ilk olaraq arterial təzyiqi, hərarəti ölçürlər, sorğu aparılır. Narahatlıq üçün əsas olmadıqda vətəndaşın vaksin olunması məsləhət görülür. Həkim sorğusu, həkim məsləhəti olmadan heç bir vətəndaş vaksin olunmur. Səyyar vaksinasiyalar həyata keçirilirdi. Orada belə, tibb bacısı, həkim briqadası vətəndaşı yerindəcə müayinə edir, sonra peyvənd vururdular. Yəni proses bu cür həyata keçirilir.

 

- Allergiyası olan şəxslər nə etməlidirlər?

 

- Allergiyası olan insan vaksin üçün müraciət etdiyi məntəqədə allergiyası olduğunu qeyd edir. Bundan sonra müvafiq şəkildə dəyərləndirilir ki, həmin şəxsə vaksin olar, ya olmaz. Bununla bağlı Səhiyyə Nazirliyinin birbaşa təlimatları var. Orada əks göstərişə hansı qrupların aid olduğu öz əksini tapıb.

 

- Həmin şəxslər allergiyası olduğuna görə peyvənd olunmadığını necə bildirəcəklər?

 

- Tibb müəssisəsi qərar verir ki, həmin şəxsi vaksinasiya etmək olar, ya yox. Etməməyin də səbəbi arayışda göstərilir. Əks göstərişin səbəbi vətəndaşa bildirilir. Bundan sonra hansı addımların atılacağı haqda mənim daha öncədən nəsə deməyim düzgün deyil. Bu, artıq həmin müəssisənin verəcəyi qərardır. Əgər şəxs vaksinasiya olunmayıbsa, təbii ki, həmin adamın sağlamlığı risk altındadır. Yəni o, hər zaman yoluxma riski olan insandır. Təbii ki, o, öz sağlamlığına və ətarfındakı insanların sağlamlığına diqqət edib özünü qorumaq məcburiyyətindədir. Səhiyyə sistemi elə bir sahədir ki, biz bunu telefonla, ehtimallarla müzakirə edə bilmərik. Konkret şəxsin üstündə konkret müayinələr aparılıb, konkret qərar verilməlidir.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş