2020-ci ildə Formula-1 yarışlarının təqvimi açıqlanıb. Bu dəfə Bakıda yaşayanlara zülm iyunun ilk həftəsində olacaq, yarışlar 5-7 iyun tarixlərində keçiriləcək
Azərbaycanda tədris ili rəsmən iyunun 15-də bitir, amma yarışlardan öncə və sonra Bakının yollarının ən azı 1 həftə qapalı olacağını nəzərə alsaq, gələn il tədris mayın sonuna yaxın yekunlaşacaq, təhsil, təqribən 1 ay tez bitəcək. Bu hökumətin təhsilə verdiyi qiymətin əyani təzahürüdür.
Bu gün müəllimlər günüdür, əslində məhz müəllimlər hökumətin təhsilə belə münasibət göstərməsinə etiraz etməli, öz həmkarlar təşkilatı vasitəsi ilə tələb və istəklərini hökumətə çatdırmalıdırlar.
Təhsildə illərdir "qapalı çevrə" effekti yaşanır - müəllimlərin maaşı az, işləri isə ağır olduğundan pedaqoq hazırlayan Ali Məktəblərə keçid balı son 25 ildə daim aşağı düşüb, daha az bal toplayan, daha az istedadlı və savadlı insanlar pedaqoji universitetlərə qəbul olurlar (təbii ki, istisnalar da var), bitirib məktəblərə dönüb təhsilin keyfiyyətinin yüksəlməsinə nail ola bilmirlər, illərdir bu təkrarlanır deyə təhsilin keyfiyyəti aşağı düşür - çevrə qapanır.
Müəllimin maaşı yüksək olmalıdlr, onlar prokurordan, polis rəisindən, vergi-gömrük işçisindən daha çox qazanmalıdır ki, pedaqoq olmaq üçün daha savadlı insanlar yarışsınlar - ancaq bu yolla dövləti inkişaf etdirmək mümkün ola bilər - bütün sahələrin inkişaf yolu məhz təhsildən keçir. Müəllimlər seçki komissiyalarından çıxarılmalı, komissiyalar ancaq peşəkar məmurlardan və siyasi partiya təmsilçilərindən formalaşmalıdır - məhz bu addımlardan sonra müəllim peşəsinin pristiji yüksələcək.
Peşəsini sevən bütün müəllimlərin bayramını təbrik edirəm.