Qurbanların sayı barədə dəqiq məlumat yoxdur
Rusiyanın Perm diyarının Kizel şəhərinin Lenin küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə üçüncü və dördüncü mərtəbələr arasındakı tavanlar uçub. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.
Qeyd olunub ki, yanğınsöndürənlər dağıntılar altından bir nəfəri çıxarıb və o, xəstəxanaya yerləşdirilib.
Təhlükəsizlik qüvvələrinə yaxın olan “Baza” “Telegram” kanalı iki qurban və iki dağılmış mənzil haqqında yazıb. İlkin məlumata görə, səbəb qaz partlayışı olub.
Ümumilikdə binadan üçü uşaq olmaqla 26 nəfər təxliyə edilib. Prokurorluq sakinlərin müvəqqəti məskunlaşmasına və onlara dəstək tədbirlərinə nəzarət edəcəyinə söz verib.
Bu arada, dağıntıların təmizlənməsi davam edir. Şəhərin meri Andrey Rodyqin bildirib ki, hələlik qurbanların sayı barədə dəqiq məlumat yoxdur.
İstintaq Komitəsi ehtiyatsızlıqdan “ağır zərərin vurulması” ilə nəticələnən “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” ilə bağlı cinayət işi açıb. Müstəntiqlər partlayış yerində işləyir, baş verənlərin şəraitini aydınlaşdırır.
Yerli media yazır ki, zədələnmiş binanın 63 yaşı, 32 mənzili var və bütün binanın ümumi sahəsi 1200 kvadratmetrdən bir qədər çoxdur.