Paşinyanın xilas resepti – Əks davranış özünəqəsddir

Siyasət

19.11.2021 - 20:02

Politoloq: “Nə qədər ki, Rusiya əlini çəkməyib, Cənubi Qafqaza rahatlıq yoxdur”

Deputat: “Ermənistan öz iqtisadi imkanlarını artıra və mövcud vəziyyətdən xilas ola bilər”

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan” bloku Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. Erməni ictimaiyyətinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.

Bəyanatda, həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır: “Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”.

Bu arada, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Hökumət binası qarşısına toplaşan insanlar Paşinyanın istefasını tələb ediblər. Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Nümayişdə iştirak edənlərdən biri etiraz əlaməti olaraq paltosunu çıxararaq yandırıb və onu hökumət binası istiqamətinə atıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ekspertlər hesab edirlər ki, Paşinyana qarşı növbəti istefa çağırışları xaricdən idarə olunur. Onların qənaətinə görə, son parlament seçkilərində sabiq Ermənistan Prezidenti Robert Köçəryanın rəhbəri olduğu siyasi blokun məğlubiyyəti ilə barışmayan qüvvələr yenidən hərəkətə keçiblər.

Aydınlar Partiyası sədrinin birinci müavini, siyasi şərhçi Qorxmaz İbrahimli AYNA-ya şərhində deyib ki, Ermənistanda başlanan son etiraz aksiyaları Moskvadan idarə olunur: “Rusiya heç zaman imkan verməyəcək ki, Cənubi Qafqazda sabitlik olsun. Hər zaman çalışacaq ki, bu əraziləri qan çanağına döndərsin. Yekunda da gəlib deyəcək ki, mən barışdırıcıyam, sülhpərvərəm. Əslində isə Rusiya heç bir zaman sülhpərvər olmayıb. Harada olubsa, orada problemlər yaradıb. Dinc əhalini böyük çətinliklərlə üz-üzə qoyub. Bu dəfə də belədir. Bu baxımdan Ermənistanda baş verənlərə təbii yanaşıram. Çünki Kreml öz istəyinə nail olmayıb. Buna nail olana qədər regionu qarışdırmaqda davam edəcək”.

“44 günlük Vətən müharibəsindən sonra Rusiya hər vəchlə Paşinyanı devirməyə çalışdı. Onu növbədənkənar parlament seçkiləri keçirməyə məcbur etdi. Lakin erməni ictimaiyyəti ortaya qəti mövqe qoydu. Bu mövqe müharibədə məğlub olan hökumətin başçısına yenidən etimad idi. Bu, həm də ermənilərin sülhdən yana olduqlarını nümayiş etdirdi. İndiki halda Rusiyanın yenidən hərəkətə keçməsi gözlənilən idi. Çünki Rusiyanın hər zaman A planı ilə yanaşı, B, C planları da olur. Görünür, indiki məqamda B planını işə salıblar. Bu plan isə insanlıq düşməni, türk düşməni Robet Köçəryanı və tərəfdarlarını yenidən hakimiyyətə qaytarmaqdır”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, Rusiya bu dəfə öz məqsədinə nail ola bilməyəcək: “Çünki hər kəs, o cümlədən ermənilər də bilir ki, işğalçılıq siyasəti onlara yalnız faciə gətirib. Məhz bu işğalçılıq siyasəti üzündən bütün regional iqtisadi layihələrdən kənarda qalıblar. Bu xətti Ermənistan siyasətinə gətirən “Qarabağ klanı” uzun illər ərzində kütləvi korrupsiya əməlləri həyata keçirib. Bir tərəfdən Ermənistanın iqtisadi layihələrə yolunu bağlayıb, digər tərəfdən də büdcədə olan vəsaitləri qəsb ediblər. Kütləvi şəkildə talançılıqla məşğul olublar, insan haqlarını pozublar, avtoritar rejim qurublar. Ermənilər tarixin təkrarlanmasına, mürtəce qüvvələrin yenidən iqtidara qayıdışına imkan verməyəcəklər”.

“Kremldə də bunu bilirlər. Lakin müntəzəm olaraq Paşinyanı müxtəlif təxribatlara çəkir, onu yenidən işğalçılıq iddiaları ilə çıxış etməyə təhrik edirlər. Yekunda müzəffər ordumuz onları yerinə oturdan kimi, dərhal Paşinyanın istefası məsələsini gündəmə gətirirlər. O, bir tərəfdən düşünür ki, Rusiya ilə balanslı siyasət yürütsün, müəyyən istəklərini yerinə yetirsin, digər tərəfdən isə Qərbə inteqrasiya kursu götürüb. Bu isə mümkün deyil. Bir sözlə, Paşinyan ortaya qəti mövqe qoya bilmir”, - deyə İbrahimli vurğulayıb.

Əlavə edib ki, münaqişənin yenidən alovlanmasında təkcə Rusiyanın deyil, digər beynəlxaq qüvvələrin də maraqları var: “Nə qədər ki, Rusiya əlini çəkməyib, Cənubi Qafqaza rahatlıq yoxdur. Ermənistan, nəhayət, işğalçılıq siyasətindən əl çəkməlidir. Delimitasiya və demarkasiya işlərinə başlamalıdır. Sülh müqaviləsi imzalamağa qərar verməlidir. Belə olarsa, Rusiya sülhməramlılarının da ərazidən daha tez çıxarılması mümkün olacaq”.

Milli Məclisin üzvü Naqif Həmzəyev isə AYNA-ya deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər və Ermənistanın rəzil formada məğlubiyyəti bu ölkə daxilində çaxnaşmalara gətirib çıxarıb: “Bundan sonra Ermənistan hökuməti məcbur qalaraq erkən seçkilərə getdi. Və bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub lider seçkilərdə qələbə qazandı. Çünki Ermənistan xalqı müharibə istəmirdi. Erməni ictimaiyyəti iqtisadi imkanlarını artırmaq, qonşuları olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, sabit sülh şəraitində yaşamaq niyyətlərini bəyan etdi”.

“Lakin buna baxmayaraq, Ermənistanda hələ də revanşist fikirlərlə yaşayan qüvvələr mövcuddur. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın nəzarətində olan bu qüvvələr Paşinyanı devirmək və yenidən hakimiyyətə yiyələnmək istəyindədir. Paşinyan üç ildir iqtidarda olsa da, orduya nəzarəti təmin edə bilməyib. Revanşistlərin ordu üzərində üstünlüyü onlara əlavə imkanlar yaradır. Sonuncu təxribatlar zamanı Azərbaycan Ordusunun qətiyyətli cavabı bir daha göstərdi ki, düşmənin hər hansı bir səhvi onun üçün faciələrə gətirib çıxaracaq”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, Ermənistan əhalisi artıq öz qəti mövqeyini ortaya qoyub: “Yeni seçkilərin keçirilməsi real görünmür. Bu addım atılarsa, Ermənistanda siyasi-iqtisadi böhran daha dözülməz xarakter ala bilər. Yəqin ki, buna gedilməyəcək. Ermənistan iqtidarı vəziyyəti dərindən təhlil edib, öz xalqının mənafeyinə uyğun qərar qəbul etməlidir. Bu qərar isə Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən, delimitasiya və demarkasiya işlərinə başlamaqdan, sülh müqaviləsi imzalamaqdan keçir. Yalnız bu yolla gözlənilən böhranı aradan qaldıra bilərlər”.

“Zəngəzur dəhlizinin açılması, 10 noyabr üçtərəfli bəyanatında nəzərə tutulan müddəaların həyata keçirilməsi Ermənistan iqtidarının ilk işi olmalıdır. Bu məsələdə razılıq olarsa və bütün bunların fonunda işğalçılıq siyasətindən birmənalı şəkildə imtina edilərsə, regionda sülhü təmin etmək mümkün olacaq. Paşinyan “3+3” formatında razılaşmaların əməl olunmasına sözdə deyil, reallıqda əməl etməlidir. Bu, baş verərsə, Ermənistan da öz iqtisadi imkanlarını artıra və mövcud vəziyyətdən xilas ola bilər. Eyni zamanda, bütövlükdə bölgəyə sülh gəlmiş olar”, - deyə Həmzəyev fikirini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev