“Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan vətəndaşlarının qavrayışına mənfi təsir göstərə bilər”
“Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Ermənistan vətəndaşlarının qavrayışına mənfi təsir göstərə bilər. Buna yol vermək olmaz”. AYNA.AZ xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi “Telegram” kanalında çıxış edib.
"Mənim məsuliyyətim Avrasiya İqtisadi Birliyinin Ermənistan Respublikasında müsbət imicinin olmasını təmin etməkdir ", - deyə siyasətçi vurğulayıb.
Paşinyan məhdudiyyətlərdən imtina edilməli olduğunu söyləyib. Baş nazir həmçinin sanitar qaydalara riayət etməyin vacib olduğunu vurğulayıb, lakin mövcud qərarların siyasiləşdirildiyini düşünür.
Paşinyanın sözlərinə görə, İrəvan hazırda AİB-dən çıxmaqla bağlı referendum keçirməyi planlaşdırmır.
Qeyd edək ki, Baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Ermənistan ittifaq daxilində vicdanla işləməyə davam etmək niyyətindədir.
2026-cı ilin əvvəllərindən bəri Rusiya ilə Ermənistan arasında münasibətlər böhran içindədir. Buna Ermənistanın 2025-ci ildə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması və 2024-cü ildə Azərbaycanla münaqişədə məğlubiyyətindən sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün dondurulması, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyi sammiti üçün İrəvana səfəri və verdiyi bəyanat səbəb olub. Buna cavab olaraq Moskva dəfələrlə İrəvanı mümkün qədər tez bir zamanda Aİ-yə, yoxsa AİB-ə üzvlük barədə qərar verməyə çağırıb.