Paşinyandan ilk dəfə: “Xankəndi zərbə altına, 25 min əsgər mühasirəyə düşəcəkdi”

Aktual

22.06.2023 - 10:21

Ermənistan Baş nazirinin son açıqlamaları ciddi mətləblərin üstünü açır

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında üçtərəfli bəyanatı hansı şəraitdə imzaladığını ilk dəfə açıqlayıb. Deyib ki, bu bəyanatı imzalamasına Şuşanın azad edilməsi səbəb olub: “Mən üçtərəfli bəyanatı niyə məhz noyabrın 9-da imzaladım? Əlbəttə, burada dönüş nöqtəsi Şuşanın azərbaycanlıların nəzarətinə keçməsi idi. Çünki şəhərin təkcə simvolik deyil, həm də strateji əhəmiyyəti var idi. Azərbaycan Ordusunun Şuşanı azad etməsi ilə Xankəndi zərbə altında qala bilərdi. Həmçinin Martuniyə (Xocavənd – red.) təzyiqlər artacaqdı. Ən əsası isə 25 min əsgər mühasirədə qala bilərdi”.

Onun sözlərinə görə, noyabrın 9-da müharibəni dayandırmaq üçün beşinci dəfə cəhd edib: “Birinci cəhdim oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günündə olub. Şuşanı saxlamağa cəhd etsək də, mümkün olmadı. Oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin mənə Azərbaycan tərəfinin yeni tələbi - onların hesablamalarına görə, 90 faiz azərbaycanlı olan şəhərin əhalisinin geri qaytarılmasına zəmanət verilməsi barədə məlumat verib. Noyabrın 9-u səhər sənədi imzalayanda məlum oldu ki, Azərbaycan imzalamayıb və yeni şərtlər irəli sürüb”.

Paşinyan bildirib ki, rəsmi Bakı ondan Qazax rayonunun erməni işğalında olan Azərbaycan kəndlərinin qaytarılmasını tələb edib. Bu tələbi Paşinyana Putin çatdırıb.

Mövzuya dair AYNA-ya danışan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev söyləyib ki, Ermənistanın məğlubiyyətini şərtləndirən başlıca amil reallıq hissini itirməsidir: “Müharibədən öncə, müharibə dövründə cənab Prezident İlham Əliyev dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə müraciət edir, onları işğalçılıq siyasətindən əl çəkməyə dəvət edirdi. Bu, çox ciddi xəbərdarlıq idi və rəsmi İrəvan bundan nəticə çıxarmalı idi”.

“Ermənistan 30 illik işğal dövründə öz xalqına “Dənizdən-dəniz böyük Ermənistan” nağılları danışır, özünü bütün regional iqtisadi layihələrdən kənarda qoyurdu. Azərbaycan isə iqtisadi və hərbi qüdrətini artırır, gələcək qələbə üçün zəmin hazırlayırdı. Heç şübhəsiz ki, Azərbaycan torpaqlarının işğal faktı ilə barışmayacaqdı və uzun illər davam edə bilməzdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun şücayəti nəticəsində torpaqlarımız işğaldan azad olundu”, - deyə deputat vurğulayıb.

Məhəməliyevin dediyinə görə, Paşinyanın 10 noyabr üçtərəfli bəyanatını imzalamaqdan başqa çıxış yolu yox idi: “Azərbaycan Ordusu tam üstünlük qazanmışdı. Paşinyan doğru vurğulayır ki, müharibə bir az da uzansaydı, o zaman Ermənistan Xankəndini də təhvil verməli olacaqdı. Eləcə də onmilərlə hərbçisi mühasirəyə düşəcəkdi. Azərbaycan isə Ermənistanı kaputilyasiya aktına təhrik edərək, üç rayonu - Ağdam, Laçın və Kəlbəcər rayonlarını müharibə aparmadan azad etdi. Qarşıdan qış fəsli gəlirdi və müharibə aylarla uzana bilərdi. Nəticə məlum idi və Ermənistanın bu bəyanata imza atmaqdan başqa yolu yox idi. Yaxşı olardı ki, onlar gec də olsa reallığı başa düşsünlər və təxribatçı əməllərinə son qoysunlar. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması ilə regiona sabitlik gələcək. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu həqiqəti nə qədər tez dərk etsə, o zaman sülhyaratma prosesinə töhfə vermiş olacaq. Hansı ki, bu ilk növbədə onların özünə lazımdır”.

Sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli AYNA-ya şərhində deyib ki, Ermənistan situasiyanı düzgün qiymətləndirsəydi, bu qədər itkilər olmayacaqdı: “Onlar hər zaman olduğu kimi, bu dəfə də xəstə təfəkkürlə davrandılar. Düşündülər ki, 30 illik işğal dövründə beynəlxalq birlik onların arxasında dayanıb. Azərbaycan torpaqlarının işğal olunmasına, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınmasına, torpaqlarımızın xarabağlıa çevrilməsinə göz yumublar. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın maraqlarından çıxış edib. Bunu əsas götürdülər və təxribatçı fəaliyyətini davam etdirdilər. Fransa kimi ölkələr də onları qızışdırırdı”.

“Azərbaycan isə qətiyyətlə torpaqlarını işğaldan azad edəcəyini bəyan edir, Ermənistanı düzgün yola dəvət edirdi. Onlar nəticə çıxarmadılar və 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandıq. Paşinyanın kapitulyasiya aktını - 10 noyabr üçtərəfli bəyanatını imzalamaqdan savayı yolu yox idi. Çünki cənab Prezident İlham Əliyev və Azərbaycan Ordusu qətiyyətli idi və məhz bu iradənin sayəsində torpaqlarımızı işğaldan azad etdik”, - deyə müsahibimiz qeyd edib.

Hüseynli Ermənistanı keçmişə yox, gələcəyə baxmağı öyrənməyə çağırıb: “Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiya yaradılıb. Bu adamlar hələ də anlamırlar ki, artıq müharibə bitib və Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu cür mənasız komissiyalar yaratmaqdansa, sülh sazişini imzalamaq və Zəngəzur dəhlizinin açılması daha faydalıdır. Bu, Ermənistanın özü üçün vacibdir. Əks halda zibillikdə eşələnməkdə davam edəcəklər”.

Müəllif: Azər Niftiyev