Paşinyandan ikili gediş: həm Əliyevlə görüşə hazırdır, həm də...

Siyasət

13.08.2021 - 17:35

Nəsib Məhəməliyev: “Paşinyan məkrli siyasət yürüdür, istəyir ki, Fransanı  da tərəf kimi cəlb etsin, amma bu, böyük problemlərə yol aça bilər”

 

Ceyhun Məmmədov: “ATƏT-in Minsk Qrupu nəticə əldə edən idisə, bu 27 il ərzində əldə edərdi”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Əlavə edib ki, Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir.

 

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb və statusdan söhbət belə gedə bilməz. Bəs, görəsən torpaqlarımızın işğal altında olduğu illər ərzində heç bir fəaliyyəti müşahidə edilməyən ATƏT-in Minsk Qrupu ilə bağlı Paşinyanın çağırışları hansı məqsədlərə xidmət edir?

Image result for nəsib məhəməliyev

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Paşinyanın İlham Əliyevlə görüşə hazır olması ilə bağlı söylədikləri təqdirəlayiq haldır: “O səbəbdən ki, Ermənistanın nicatı Azərbaycanla münasibətləri bərpa etməkdən keçir. Bu münasibətləri bərpa etmək üçün isə, işğalçılıq siyasətindən birmənalı imtina edilməlidir. Paşinyan onu da nəzərə almalıdır ki, artıq erməni xalqı müharibə istəmir. Əgər belə olmasaydı, o zaman ermənilər məğlub dövlətin başçısı olaraq yenidən ona etimad göstərməzdilər. Bu mənada onun Azərbaycan Prezidenti ilə görüşmək niyyəti müsbət qarşılanmalıdır. Onsuz da Ermənistanın başqa alternativi yoxdur”.

 

“Paşinyanın ATƏT-in Minsk Qrupu ilə bağlı söylədikləri isə məkrli ssenaridir. Məlumdur ki, Minsk Qrupunun həmsədrlərindən biri Fransadır. Onun Fransa Prezidenti Emmanuel Makronla isti münasibətləri var. Heç kimə sirr deyil ki, Paşinyanın Qərbdəki əsas dayağı Makrondur. Paşinyan Fransanı münaqişəyə cəlb etmək istəyir. Mövqeyini də Fransanın həmsədr olması ilə əsaslandırır. Minsk Qrupu fəaliyyət göstərdiyi müddətdə heç bir real addım atmayıb. Uzun illər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yumub. Görəndə ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atdı, yenidən ortaya çıxdılar”, - deyə deputat bildirib.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupuna da öz yerini göstərib: “Vətən müharibəsindən sonra onlar Bakıya da səfər etdilər. Prezident İlham Əliyev onlarla görüş zamanı sərt iradlarını bildirdi. Açıq şəkildə uzun müddət fəaliyyətsiz qalmalarına diqqət çəkdi. Hətta bildirdi ki, heç olmasa indi ədalətli mövqe nümayiş etdirsinlər. Göründüyü kimi, bu da baş vermədi. ATƏT-in Minsk Qrupu öz missiyasını başa vurub. Özü də çox uğursuz formada başa vurub. Onların fəaliyyəti yalnız kağız üzərində mövcud olub. Paşinyanın söylədikləri özünə dayaq axtarmaq və Fransanı münaqişəyə cəlb etmək niyyətindən qaynaqlanır. Bu isə öz növbəsində mümkün deyil”.

 

Məhəməliyev qeyd edib ki, Fransanın münaqişədə tərəf olması böyük problemlərə yol aça bilər: “Hətta gələcəkdə təhlükəli müharibənin başlamasına da gətirib çıxara bilər. Bu, mümkün deyil və olmayacaq da. Təbii ki, yaxınlaşan Azərbaycan-Türkiyə münasibətləri bəzi beynəlxalq oyunçuları, o cümlədən Fransanı da ciddi şəkildə narahat edir. Bu səbəbdən yenidən hərəkətə keçiblər. Onlar “Paşinyan kartı”ndan istifadə edərək, təzyiq rıçaqlarını əllərində saxlamaq istəyirlər".

 

"Ermənistan iqtidarı anlamalıdır ki, artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, heç bir statusdan söhbət gedə bilməz. Yaxşı olar ki, reallıqla barışsınlar. Yox əgər barışmasalar və siyasi oyunlarını davam etdirsələr, o zaman “Dəmir yumruq” yenidən başlarına dəyəcək. Onlar bunu görüblər və inanmıram ki, yenidən buna cəsarət etsinlər”, - deyə müsahibimiz fikirini yekunlaşdırıb.

Milli Məclisin üzvü Ceyhun Məmmədov da AYNA-ya şərhində söyləyib ki, Paşinyan siyasi manevr edir və onun cəhdləri bu dəfə də nəticəsiz qalacaq: “Uzun illər Ermənistanda hakimiyyətdə olmuş “Qarabağ klanı” işğalçılıq siyasətini Ermənistana gətirdi. Onlar diqqəti ölkənin daxilində olan problemlərdən yayındırmaq üçün “Qarabağ kartı”ndan istifadə edirdilər. Ermənistan əhalisi kütləvi şəkildə mühacirətə üz tuturdu. Əhalinin sosial-iqtisadi problemləri pik həddə idi. Nəticədə onların işğalçılıq siyasəti və yürütdükləri uğursuz siyasət hakimiyyətdən getmələri ilə nəticələndi. Paşinyanın iqtidara gələn yeni sima olaraq imkanı vardı ki, bu işğlaçı siyasətdən imtina etsin. Əvvəlcə bununla bağlı müəyyən vədlər versə də, sonradan sözünü tutmadı”.

 

“Paşinyanın Şuşada rəqs etməsi, Azərbaycan cəmiyyətinin heysiyyatı ilə oynamaq cəhdləri nəticədə onun başında çartladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa müddət ərzində torpaqları işğaldan azad etdi. Biz bu qələbəni şəhidlərimizin canı-qanı, Müzəffər Ali Baş Komandanın iradəsi və uzaqgörən siyasəti nəticəsində qazandıq. Bu gün Ermənistanın özündə də sülh istəyirlər. Anlayırlar ki, sülhün alternativi yoxdur. Məhz işğalçılıq siyasəti üzündən Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qalıb. Bunun təkrarlanmasını istəmirlərsə, işğalçılıq siyasətindən birmənalı imtina etməlidirlər”, - deyə deputat bildirib.

 

Deputatın fikrincə, Paşinyan özü də anlayır ki, heç bir perspektivi yoxdur: “Sadəcə ictimai rəyi səhv istiqamətə kökləməyə, Qərbdə olan himayədarlarının sifarişini icra etməyə çalışır. Düşünür ki, belə çətin və həssas məqamda onun hakimiyyətdə qalmasını təmin edən əsas amillərdən biri Qərbdəki havadarları olub. Bu səbəbdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır".

 

"Əslində isə özü də bilir ki, mənasız və nəticəsiz çağırışlar edir. ATƏT-in Minsk Qrupu nəticə əldə edən idisə, bu 27 il ərzində əldə edərdi. Artıq bu qrup öz missiyasını başa vurub. Fəaliyyəti barədə isə müsbət fikirlər söyləmək isə mümkün deyil. Onun Prezident İlham Əliyevlə görüşməklə bağlı söylədikləri reallığa uyğundur. Ən optimal çıxış yolu da elə budur”, - deyə həmsöhbətimiz fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev