Paşinyan, yoxsa Manukyan – <font color=red> Qapalı qəfəsdə döyüş</font>

Siyasət

09.12.2020 - 10:24

“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Qarabağ razılaşması pozulmayacaq”

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 müxalifət partiyası, hökumət başçısı postuna sabiq Baş nazir və müdafiə naziri, Rusiya elitası ilə möhkəm əlaqələri olan Vazgen Manukyanı namizəd göstərir. Lakin 74 yaşlı Manukyan qərarı şərh etməyib.

 

Qeyd edək ki, 1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Ermənistan hökumətinə başçılıq edən, 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edən Manukyanın, məhz müdafiə naziri olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib. Təbii ki, Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən biri sayılan Manukyanın hakimiyyətə gətirilmək cəhdi də məhz erməni xislətinin növbəti həmləsindən xəbər verir.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə indiki mərhələdə Paşinyanın hakimiyyətdən getməyəcəyini düşünür: “Hazırda Vazgen Manukyan Ermənistanda ciddi fiqur deyil. Onun Baş nazir postuna namizədliyini irəli sürən 17 partiyanın da yalnız 2-si parlamentdə təmsil olunur. Digər 15 partiyanın parlamentdə heç bir təmsilçiliyi yoxdur. Bütün rəsmi strukturlar, o cümlədən də Prezident Paşinyana tabedir və o, öz mövqeyini müdafiə edəcək”.

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

“Mən Vazgen Manukyanı şəxsən tanıyıram. Hətta, 1989-cı ildə onunla Moskvada bir neçə saat danışıq da aparmışam. Yəni, Manukyanın tarixini də, kim olduğunu da yaxşı bilirəm. O, Baş nazir olanda da, müdafiə naziri olanda da Rusiyanın göstərişi ilə Qarabağ münaqişəsini genişləndirən, Rusiyanın vassallığını edən biri olub. İndi də həmin vassal hakimiyyətə gəlib, Rusiyaya vassallığnı davam etdirmək istəyir. Məsələ orasındadır ki, artıq vəziyyət dəyişib və zaman həmin zaman deyil. Nikol Paşinyan hakimiyyətə gəlmək üçün təkbaşına hərəkat başladanda, kənd-kənd, rayon-rayon gəzəndə hələ göstərmişdi ki, çox qətiyyətli adamdır və hakimiyyəti çox sevir. Bu şəkildə hakimiyyətə gələn adam hakimiyyəti heç vaxt dılğır Manukyana təmsil etməz”, - politoloq bildirib.

 

O, sözügedən 17 partiyanın Manukyanı hakimiyyətə gətirmək cəhdini, onların bilavasitə özlərinin hakimiyyətə gəlmək istəməsi ilə əlaqələndirib: “Amma onlar belə, hakimiyyətə gəlsələr, üçtərəfli Qarabağ razılaşmasını qəbul etmək məcburiyyətindədirlər. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Onu da bilmək lazımdır ki, onların quracağı hökumət Ermənistanın olan-qalan sərvətini də talayıb, yoxa çıxaracaq. Çünki söhbət məhz talamaq uğrunda mübarizədən gedir. Necə ki, bizdə bəzi müxalifəçilər demokratiya adı altında bunu etmək istəyirlər və buna görə də onlara imkan verilmir, eyni ilə Ermənistanda da belədir. Onlar Nikol Paşinyana Ermənistanda demokratiya qurub, korrupsiyanın kökünü kəsmək istədiyini deyərək, bunun yanlış olduğunu izah etməyə çalışırlar”.

 

“Bu da nə deməkdir? Bu, elə erməni xalqının siyasi mövcudluğunun təzahürü deməkdir. Çünki onlara görə, Paşinyanın demokratiya qurmaq cəhdi ilə, korrupsiyanın kökünü kəsmək istəməsi erməni xalqını məhv edir. Ona görə də Paşinyanın hakimiyyəti onlara təhvil verməsini, bununla da korrupsiya sistemini bərpa etmək istəyirlər. Onların bütün fikri-zikri ancaq bundan ibarətdir”, - Əlizadə vurğulayıb.

 

Siyasi şərhçi hesab edir ki, Rusiya üçün Ermənistanda kimin hakimiyyətdə olmasının heç bir əhəmiyyəti yoxdur: “Üçtərəfli Qarabağ razılaşması imzalanandan və Rusiya sülhməramlıları Qarabağa girəndən sonra, Rusiya üçün Ermənistan rəhbərliyində kimin olması heç bir mahiyyət daşımır. Bundan sonra Ermənistan hakimiyyətində istər Paşinyan, istər Manukyan, istər Koçaryan, istər Sarkisyan, istər Petrosyan, istərsə də başqası olsun - fərq etmir. Ermənistan qapalı bir qəfəsin içindədir, qəfəsin də qapısına qıfıl vurulub və həmin qıfılın açarı Putinin cibindədir. Belə olan halda, ən azından Paşinyanı xalq hakimiyyətə gətirib deyə, digərlərinin hakimiyyətə gəlməsi lap bərbad ola bilər. Ona görə də Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistan rəhbərliyi Rusiya ilə işləməyə məcburdur və alternativ yolları da yoxdur”.

 

Müsahibimiz fikrini bir nümunə ilə izah edib: “Ermənistanın yeni təyin olunmuş Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan vəzifəyə gələn kimi Moskvaya getdi və Rusiya FSB-sinin rəisi ilə görüşdü. Ona Ermənistanda demokratik QHT-lərlə əlaqəsi olan bütün yüksək rütbəli siyasi xadimlərin siyahısını verib, hamısının dərhal vəzifələrindən rədd edilməli olduğu bildirildi. Təbii ki, Abazyan deyilənə əməl edəcək və həmin şəxslərin hamısını işdən azad edəcəklər. Çünki İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın məmurlarını vəzifəyə Rusiya təyin etməyə başlayıb. Bir sözlə, Paşinyanın hakimiyyətdən getməsi gücsüz müxalifətin gündəmindədir, güclü müxalifətin yox. Paşinyan da həm Qərbin, həm də Rusiyanın dəstəyini qazanaraq hakimiyyətdə möhkəmlənməyə davam edəcək”.

Müəllif: Mərahim Nəsib