Parlamentin yaz sessiyasının son iclası: nələr müzakirə olundu?

Cəmiyyət

31.05.2022 - 14:24

Milli Məclisdə "2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi qəbul edilib

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. Gündəliyinə 7 məsələ daxil edilən iclasda 2021-ci il dövlət büdcəsinin icrası da müzakirə olunub. İclasda maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak ediblər.

Komitə sədri: "Qeyri-neft sənayesində artım tempi var" 

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”  “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub", - deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Qanun layihəsi və hesabat Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib: "Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən 2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər haqqında geniş məlumat və Hesablama Palatasının rəyinə yazılmış şərhlər deputatlara təqdim edilib. 2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, koronavirus pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub".

Komitə sədri vurğulayıb ki, 2021-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbədən sonra bərpa-quruculuq işlərinə başlanılması ili kimi düşüb. İlk dəfə olaraq məhz 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün vəsait ayrılıb: "2021-ci ilin əvvəllərindən başlayaraq əksər dünya ölkələrində koronavirus infeksiyasına qarşı kütləvi şəkildə həyata keçirilən sürətli peyvəndləmə prossesi və pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması, eləcə də pandemiyanın neqativ iqtisadi nəticələri ilə mübarizə çərçivəsində tətbiq olunan irihəcmli dəstək proqramları iqtisadi tənəzzüldən iqtisadi artıma keçidə təkan verib. Belə ki, Dünya Bankının hesablamalarına görə 2021-ci ildə qlobal iqtisadi artım 5.5% təşkil edib. 2021-ci il bütövlükdə ölkəmizin də sosial iqtisadi inkişafı baxımından uğurlu bir il olub. Belə ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı sürətli və genişmiqyaslı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılması, eləcə də neftin dünya bazarlarında qiymətinin artması fonunda yaranan əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunaraq 2019-ci ildəki Ümumi Daxili Məhsulun səviyyəsini keçməsini şərtləndirib. 2021-ci ildə iqtisadiyyatın demək olar ki, bütün sektorlarında bərpa prossesləri sürətlə gedib, neft sektoru üzrə əlavə dəyər 1.8%, qeyri-neft sektorunda isə 7.2% artmışdır. 2021-ci ildə ÜDM-in həcmi 75.8 mlrd manat proqnozlaşdırılsa da, faktiki həcmi 92.9 mlrd manat, ÜDM-in real artımı isə 2021-ci ilin dövlət büdcəsi zərfindən nəzərdə tutulan 3.4%-lik proqnozdan 2.2% bənd çox olmaqla 5.6% təşkil edib. ÜDM-in strukturunda ən böyük pay 42.5% -lə sənayeyə aid olmuş, qeyri-neft sənayesində artım tempi isə 18.9% olub".

Neftin qiyməti büdcə üçün nəzərdə tutulandan 79 faiz çox olub

"Hesabat ilində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 45 dollardan 79% çox olmaqla 71.6 dollar təşkil edib. Müvafiq olaraq, 2021-ci ildə ixrac idxalı 12.2 milyard dollar üstələyib, Tədiyyə Balansının CƏB profisiti 104.8 mln dollar proqnozlaşdırılsa da fakt 8.3 mlrd dollar olub, ölkənin məcmu valyuta ehtiyatları 2.5 mlrd dollar artaraq 53 mlrd dollara və ya xarici dövlət borcunun 6 mislinə çatıb. 2021-də qeyri-neft məhsullarının ixracı real ifadədə 38.4% artaraq 2.7 mlrd dollar olub", - deyə T.Mirkişili əlavə edib.

Komitə sədrinin sözlərinə görə, qənaətbəxş haldır ki, qeyri-neft idxalının qeyri-neft ixracı hesabına maliyyələşmə səviyyəsi əvvəlki illərə nisbətən yüksək olub: "2020-ci il illə müqayisədə 7,4 faiz bəndi yüksələrək 29,0%-ə bərabər olub. Bu təqribən idxal olunan hər 3.3 dollar geyri-neft idxalının 1 dollarının qeyri-neft sektoru ixracı hesabına maliyyələşməsi deməkdir. 2021-ci ildə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685.8 mln dollar azalaraq ilin sonunda 8.135 milyon dollar olmaqla ÜDM-nin 14.9%ni təşkil edib. Qeyd edim ki, bu göstərici 2020-ci ildə 20.7% idi. Müqayisə üçün deyim ki, 2021-ci ildə dünyada inkişaf etmiş ölkələrin məcmu dövlət borcunun ÜDM-ə nisbəti üzrə orta göstərici 120% ətrafında qeydə alınıb. Eyni zamanda, qeyd etmək istərdim ki, hesabat ilində sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycandan da yan keçməmiş, ölkədə orta illik inflyasiya 6.7%-ə yüksəlib. Bu göstərici proqnoz göstəricidən 3.7% bəndi çox olub. Bütövlükdə ölkədə inflyasiya əsasən dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə yüksək qiymət artımları, ərzaq qıtlığı, ticarət tərəfdşları olan ölkələrdən yüksək inflyasiya idxalı, qlobal təhcizat və logistika zəncirlərində mövcud olan qırılma və gecikmələr, daşınma xərclərinin artması, bununla yanaşı 2021-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən bir sıra mal və xidmətlərin tariflərində olan dəyişikliklər və ümumi tələbəin sürətlə artması və təklifin bu sürətlə ayaqlaşa bilməməsi səbəblərindən qaynaqlanıb. Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərini gücləndirilməsi istiqamətində görülən işlər daha yüksək inflyasiya göstəricilərindən yayınmağa imkan verib. Ümumilikdə 2021-ci il ərzində həm daxili, həm də beynəlxalq konyuktur ölkə üçün əlverilişli olub".

"Çatışmazlıqlar müxtəlif icra orqanları ilə geniş müzakirə edilib"

Komitə sədri çıxışının sonunda qeyd edib ki, 2021-ci il üçün dövlət büdcəsi layihəsi qəbul edilərkən həmin il üçün büdcə-vergi siyasətinin orta dövr üçün fiskal hədəflər açıqlanıb. Gəlirlər üzrə 4, xərclər üzrə isə 6 hədəfə nail olunması planlaşdırılmışdı: "Gəlirlər üzrə hədəflər əsasən iqtisadiyyatın neft sektorundan asılılığın azaldılması, geyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının artırılması, kölgə istisadiyyatın səviyyəsinin azaldılması, nağdsız hesablaşmaların artırılması, dövlət əmlakının özəlləşməsinin genişləndisilməsi hesabına büdcə daxilolmaların artırılmasını əhatə edirdi. Xərclər üzrə hədəflər isə əsasən sosial yönümlü xərclərin, səhiyyə xərclərinin maliyyələşməsi, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, ərzaq təhlükəsizlitinin təmin edilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşması, müdafiə və təhlükəsizlik tədbirlərini görülməsi üçün lazımı maliyyə təminatının təmin edilməsini əratə edirdi. Aparılan bütün təhlillər 2021-ci iln dövlət büdcəsini icrasının bu hədəflərə əsasən nail olduğunu deməyə imkan verir. Eyni zamanda, qeyd etmək istərdim ki, təqdim olunan hər bir hesabat həm də gələcək fəaliyyətin təkmilləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Layihənin, hesbabatın və Hesablama Palatasının rəyinin komitədə geniş müzakirəsi zamanı 2021-ci ildə dövlət büdcəsinin icrası zamanı müəyyən texniki çatışmazlıqlar da müəyyən edilmiş və bu çatışmazlıqlar tərəfimizdən müxtəlif icra orqanları ilə geniş müzakirə edilib. Beləliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesab edir ki, 2021-ci il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizə və iqtisadi subyektlərin dəstəklənməsində lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb. Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2021-ci il dövlət büdcəsinin icrası layihəsini dəstəkləməyinizi xahiş edirəm", - deyə komitə sədri çıxışını yekunlaşdırıb.  

        

Palata sədri büdcə intizamının yollarını izah etdi

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, büdcə intizamı maliyyə öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsindən, büdcə vəsaitlərinin müvafiq məqsədlər üçün xərclənməsindən, müəyyən edilmiş norma və qaydalara ciddi riayət edilməsindən ibarətdir. Palata sədri büdcə intizamının artırılması istiqamətində ilk növbədə daxili nəzarət və mühasibat uçotunun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin, bu sahədə bilik və bacarıqların artırılmasının vacib olduğunu qeyd edib: “Ötən ildə dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox icra edilib, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb”.

Deputatdan çağırış: "Bütün xəstəliklər icbari tibbi sığortaya daxil edilsin"

"İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi genişlənsə də, əhali arasında ciddi tələfatlara səbəb olan xəstəliklər var ki, icbari tibbi sığorta ilə əhatə olunmayıb". Bu sözləri müzakirə zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır: "Onkoloji xəstəliklər dövlət proqramı ilə müalicə edilsə də, icbari tibbi sığortaya salınmayıb. Bu hökmən reallaşdırılmalıdır. Hesab edirəm ki, ümumilikdə bütün xəstəliklər icbari tibbi sığortaya əlavə edilməlidir".

Deputat: "Bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur"

Deputat Elşən Musayev isə bildirib ki, əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər: "Artıq vəziyyət dəyişib. Bu, yaxşı göstəricidir. Fürsətdən istifadə edərək Zaqatala Hava Limanı ilə bağlı olan problemə toxunmaq istəyirəm. Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm. Xahiş edirəm ki, bu məsələ həllini tapsın”.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin yaz sessiyası haqqında məlumat verən spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyasında 13 iclas keçirilib. Parlament sədri qeyd edib ki, sessiya ərzində 70 qanun və qərar, o cümlədən 1 konstitusiya qanunu qəbul edilib: "28 ölkəyə 50-dən çox səfər həyata keçirilib. Səfərlərdə 95 deputat istirak edib. Milli Məclis sədrinin 6 ölkəyə rəsmi, 1 ölkəyə işgüzar səfəri olub. Parlamentdə isə 15 ölkənin rəsmiləri ilə görüşlər keçirilib. 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişi imzalanıb".

Bununla da, 2022-ci il fevral ayının 1-də başlayan yaz sessiyası yekunlaşıb. Bir sıra məsələlərin müzakirəsinin başa çatmaması səbəbilə parlamentin 42 deputatının tələbi ilə növbədənkənar sessiya çağırılacaq.

Müəllif: Anar Bayramoğlu